Binəqədidə yanan binaya görə tutulan şəxslərin məhkəməsində keçmiş MTN əməkdaşı ifadə verib - YENİLƏNİB

Binəqədidə yanan binaya görə tutulan şəxslərin məhkəməsində keçmiş MTN əməkdaşı ifadə verib - YENİLƏNİB "Həmin materialları Türkiyədən alırdıq"
Hadisə
3 Noyabr , 2016 14:50
Binəqədidə yanan binaya görə tutulan şəxslərin məhkəməsində keçmiş MTN əməkdaşı ifadə verib - YENİLƏNİB

*** saat 13:07

Bakı. 3 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid Hicran Əlizadə ifadə verib.

O, təqsirləndirilən M.Mahmudovla birgə “Global Construction” MMC-nin təsisçisi olduğunu bildirib: "Səhmlərin 50 faizi mənim idi. Şirkət 2007-ci ildə yaradılıb, 2015-ci ilin mart ayında isə oradan ayrılmışam. 2011-ci ildə fabrik açdıq və bundan sonra orada binaların üzlənmasi üçün qəliblənən materiallar hazırlandı. Həmin materialları Türkiyədən alırdıq".

Şahid H.Əlizadə "poliuretan” məmulatlarının yanğına davamlı olduğunu söyləyib: "Binanın yanmasına səbəb alkaponların arasında boşluqların olması olub".

Daha sonra zərərçəkmiş Xəyyam Babayev dindirilib. O, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşı olduğunu vurğulayıb. Zərərçəkmiş hadisə günü evdə olduğunu deyib: "Tikilidən tüstü qalxdığını gördüm. Tez aşağı düşdüm. Polislərdən soruşdum ki, Fövqəladə Hallar Nazirliyinə zəng vurmusuz? Onlar da "hə" dedilər. Daha sonra binada yanğın başladı. Evdə körpə uşağım var idi. Qalxıb onu aşağı düşürüb, avtomobillə ərazidən uzaqlaşdırdım. Həmin binada 2012-ci ildən yaşayıram".

X.Babayev hadisə günü özünü binadan atan Yaşar adlı şəxsi tanımadığını bildirib.

Prosesdə şahid qismində Nəsib Mehdiyev ifadə verib. O, “Global Construction” MMC-də mühəndis vəzifəsində çalışdığını qeyd edib: "Həmin materiallar Türkiyədən gətirilib, burada qəliblənirdi".

Hakim N.Mehdiyevin ifadələrində ziddiyyət olduğunu söyləyib.

Şahid Rizvan Mehdiyev də dindirilib. O, “QlobalStone” MMC-də işlədiyini söyləyib. Şahid istintaqa verdiyi ifadəsini təsdiqlədiyini bildirib: "Türkiyədən gələn matreallar fabrikə hazır vəziyyətə gəlirdi. Həmin matrealların hazırlanmasında iştirak etmişəm".

Günün ikinci yarısında davam edən proses təxirə salınıb. Buna səbəb vəkillərin məhkəməyə gəlməməsi olub.

Məhkəmənin növbəti iclası noyabrın 8-nə təyin edilib.

Qeyd edək ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəm oğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.

A.Əlibəyov və A.Məmmədov barəsində isə həbs qətimkan tədbiri seçilməyib.

Son xəbərlər

Orphus sistemi