Yuxarı
    Bağlamaq

    Binəqədidə yanan binaya görə tutulanların məhkəməsində icra başçısının sabiq müavini ifadə verib - YENİLƏNİB

    Cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib

    *** ilk xəbər saat 14:45-də yayımlanıb

    Bakı. 24 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    "Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilməli olan prosesdə təqsirləndirilən Ələkbər Əsgərov ifadə verib.

    O, yanğın zamanı dünyasını dəyişənlərin yaxınlarına başsağlığı verərək, nədə təqsirləndirildiyini və nə səbəbə görə həbs edildiyini bilmədiyini deyib: "Burda olmağımın səbəbi mənə aydın deyil. Məhkəmə zalında ifadə vermək çox çətindir. Şirkətdə fəaliyyətə Miryusif Mahmudovun təklifi ilə başlamışam. "Müəssisənin bütün ehtiyatlarının planlanması" sistemini mən qurmuşam. Həmin sistemlə şirkət beynəlxalq nüfuzlu şirkətlərlə birlikdə əməkdaşlığa başlamaq üçün imkan yaradırdı. Bu sistem də çox uğurlu oldu. Hadisənin hansı səbəbdən baş verməsindən xəbərim yoxdur".

    Ə.Əsgərov "polueturan" məhsullarının istehsalı üçün alınan xammalın Türkiyədən idxal edildiyini, "GlobalStone" MMC şirkətinin təsisçisinin yalnız digət təqsirləndirilən M.Mahmudovun olmadığını bildirib: "Şirkətin digər təsisçisi Hüseynbala Əlizadə də olub: "Yanğın baş verən zaman yollar bağlanmışdı. Biz yenidən ofisə qayıtdıq və ora çatanda ləğv edilmiş MTN əməkdaşları içəridə idilər. Özlərini təqdim edəndən sonra onlar komputerləri yığıb, işçilərlə söhbət edirdilər. Daha sonra prokuroluq əməkdaşalrı gəldi. Mən onlarla birlikdə getdim”.

    Daha sonra o, təsirləndirilən şəxslərdən yalnız U.Bəşirovu və M.Mahmudovu tanıdığını vurğulayıb.

    Digər təqsirləndirilən Uğur Bəşirov da ifadə verib. O, 2013-cü ilin iyun ayında "GlobalStone" MMC-də direktor vəzfəsində işə başladığını deyib. Onun sözlərinə görə, yanğın hadisəsi olan günün sabahı prokurorluğa çağırılaraq, orada ifadə verib: "Həmin günün axşamı məni həbs elədilər. Ondan sonra da məndən heç nə soruşmadılar".

    O, yanan bina üçün materiallar hazırlanarkən və göndərilərkən şirkətdə işləmədiyini qeyd edib: "Həmin binaya heç bir aidiyyatım yoxdur. İndi mənə məlum deyil ki, niyə həbs edilmişəm".

    Günün ikinci yarısında keçirilən prosesdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının sabiq birinci müavini Qəzənfər Novruzov ifadə verib.

    O bildirib ki, müavin vəzifəsinə təyin ediləndə binanın üzlənməsinə artıq başlanılıb: "Həmin zaman hansısa sənədə qol çəkdiyimi xatırlamıram. Həmçinin mənə başqa işlər də tapşırılmışdı. "Poliuretan" matrealının yanğına dözümlü olub-olmamasını mən yoxlamırdım. Materalların tərkibi ilə bağlı müvafiq qurumlara məktub yazmışıq. Onlar da matrealların tərkibini yoxlayıb bizə cavab məktubu göndərdilər. Binanın üzlənməsi başa çatandan sonra təhvil alınmasında ölkədə deyildim. Həmin zaman səhhətimlə bağlı xaricə getmişdim. Heç bir ittihamla razı deyiləm".

    Daha sonra digər təqsirləndirilən, hazırda zamində olan Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin sabiq baş direktoru A.Əlibəyov dindirilib. O qeyd edib ki, həmin zaman verdiyi rəyə indi də cavabdehdir: "Həmin matrealın tərkibi ilə bağlı rəy vermişəm. "Poliuretan" matreal zəhərli deyil. Onun üzərinə çörək də töksən insan üçün zərərli deyil".

    Məhkəmənin növbəti iclası oktyabrın 25-nə təyin edilib.

    Qeyd edək ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

    Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəm oğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.

    A.Əlibəyov və A.Məmmədov barəsində isə həbs qətimkan tədbiri seçilməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi