Binəqədidə yanan binaya görə tutulan şəxslərin məhkəməsi davam etdirilib

Binəqədidə yanan binaya görə tutulan şəxslərin məhkəməsi davam etdirilib Proses hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilib
Hadisə
19 Oktyabr , 2016 13:55
Binəqədidə yanan binaya görə tutulan şəxslərin məhkəməsi davam etdirilib

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilməli olan prosesdə Ağacavad Məmmədovun vəkili Məzahir Şahlarov vəsatətlə çıxış edib. O bildirib ki, müdafiə etdiyi şəxs ürək çatışmazlığından əziyyət çəkir: "Ağacavad Məmmədov bu xəstəliklə bağlı 10 oktyabr 2016-cı ildə xəstəxanaya yerləşdirilib. Hazırda xəstəxanada stansionar müalicə alır. Ağacavad Məmmədov sərbəst gəzə bilmir, ürək xəstəliyindən əziyyət çəkir, şəkərli-diabet xəstəsidir. Onun dəfələrlə məhkəmə proseslərində səhhəti pisləşib. Bununla bağlı məhkəmə təcili tibbi yardım maşını çağırılıb. Ona tibbi yardım göstərilməsinə baxmayaraq səhhəti yaxşılaşmayıb. Ağacavadın vəziyyəti daha da ağırlaşıb. Hakimin göstərişi ilə başqa bir həkim briqadası çağırılıb".

Vəkil müdafiə etdiyi şəxsin barəsində məhkəmə-tibbi ekspertizasının təyin edilməsi ilə bağlı vəsatət qaldırıb.

Hakim vəsatəti baxılmamış saxlayıb. O bildirib ki, Ağacavad Məmmədovun hansı xəstəlikdən əziyyət çəkməsi barədə rəsmi məlumat verilməyib: "Xəstəxanadan gətirilən sənədin möhürü yoxdur. Onun xəstəliyi ilə bağlı dəqiqləşdirmə aparılandan sonra vəsatət müzakirə ediləcək. Burada mühakimə olunan Qəzənfər Novruzovun vəziyyəti daha ağırdır. Bunu verilən ekspertiza rəyinə əsasən deyirəm. Amma onun barəsində həbs qərarı seçilib və həbsdə olduğu müddətdə müalicə olunur. Təklif edirəm ki, Ağacavad Məmmədovun barəsində olan ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunması məsələsi müzakirə edilsin".

Dövlət ittihamçısı Fərid Nağıyev hakimin Ağacavad Məmmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təklifini məhkəmənin mülahizəsinə verdiyini bildirib.

Təqsirləndirilən Miryusif Mahmudov bildirib ki, Ağacavad Məmmədovun həbs edilməsinin əleyhinə olub.

Digər təqsirləndirilən şəxslərdə Ağacavad Məmmədovun həbs edilməsi ilə bağlı təklifi dəstəkləməyiblər.

Daha sonra hakimlər qərar qəbul etmək üçün müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakimlər Ağacavad Məmmədovun qətimkan tədbirinin dəyişdirilməməsi barədə qərar qəbul ediblər.

Proses oktyabrın 24-də davam edəcək.

Qeyd edək ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəmoğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.

A.Əlibəyov və A.Məmmədov barəsində isə həbs qətimkan tədbiri seçilməyib.

Son xəbərlər

Orphus sistemi