Bakı. 30 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində hündürmərtəbəli yaşayış binasında baş verən yanğında təqsirləndirilən Miryusif Mahmudov, Ələkbərov Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə müşavirədən qayıdan hakimlər kollegiyası qərarı elan edib.
Qərara əsasən, vəsatətlər təmin edilməyib.
Məhkəmənin baxış iclası iyulun 11-nə təyin olunub.
Xatırladaq ki, ötən məhkəmə prosesində təqsirləndirilən şəxslərin vəkillər cinayət işinə xitam verilməsi, işin ibtidai istintaqa qaytarılması, təqsirləndirilən şəxslərin azadlığa buraxılmaları barədə vəsatətlər veriblər.
*** 12:07
Bakı. 30 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində hündürmərtəbəli yaşayış binasında baş verən yanğında təqsirləndirilən Miryusif Mahmudov, Ələkbərov Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslər ötən məhkəmə iclasında vəkillər tərəfindən qaldırılan vəsatətlərə münasibət bildiriblər.
Həmin şəxslər hüquqlarını müdafiə edən şəxslərin məhkəməyə təqdim etdikləri vəsatətləri müdafiə ediblər. Zərərçəkmiş şəxslər - Tofiq Mustafayev, İdris Xəlilov və Heyvagül Əfəndiyeva da təqsirləndirilən şəxslərin vəkillərinin vəsatətlərinə mövqe bildiriblər. Həmin şəxslər də vəkillərin çıxışı ilə razı olduqlarını deyiblər.
Dövlət ittihamçısı isə çıxışında vəsatətlərin baxılmamış saxlanılmasını istəyib.
Daha sonra məhkəmə heyəti müşavirə otağına yollanıb. Məhkəmə qərarı günün ikinci yarısı - saat 14:00-da elan olunacaq.
Xatırladaq ki, qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuzoğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfəroğlu, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəmoğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddinoğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qaraoğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəlioğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.
Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, 2015-ci il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.