“Binə” Ticarət Mərkəzində baş vermiş qətldə təqsirləndirilən şəxs bəraət alıb

“Binə” Ticarət Mərkəzində baş vermiş qətldə təqsirləndirilən şəxs bəraət alıb Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
108
12 İyun , 2017 11:56
“Binə” Ticarət Mərkəzində baş vermiş qətldə təqsirləndirilən şəxs bəraət alıb

Bakı. 12 iyun. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində 2011-ci ildə qətl törətməkdə təqsirləndirilən və 5 il axtarışda olmuş 1965-ci il təvəllüdlü Zakir İbayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Məhkəmənin hökmü ilə Z.İbayevə ittiham olunduğu maddələr sübuta yetirilməyib və ona bəraət verilib. Z.İbayev məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Z.İbayev 2016-ci ilin noyabrında saxlanılıb. O, Cinayət Məcəlləsinin (CM) üç maddəsi ilə axtarışda olub. Z.İbayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsi və Azərbaycan DİN-in Gürcüstan Respublikasındakı nümayəndəliyinin birgə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Gürcüstan dövlət sərhədini keçərkən saxlanılıb.

Onun barəsində həbs qətimkan tədbiri seçilərkən müəyyən edilib ki, Z.İbayev 2011-ci ilin dekabrın 16-dan Azərbaycan Respublikası CM-nin 120-ci (qəsdən adam öldürmə), 181 (quldurluq) və 228-ci (qanunsuz silah gəzdirmə) maddəsi ilə axtarışda olub.

Onu da əlavə edək ki, Z.İbayevin tanışı Arzuman Bəşirov 2011-ci il iyulun 14-də “Binə” Ticarət Mərkəzindəki valyutadəyişmə məntəqələrindən birinə silahlı basqın edərək, oranın işçisi Əli Əliyevə odlu silahdan atəş açaraq, onu qətlə yetirib və məntəqəyə məxsus 16 min manatı götürüb hadisə yerindən qaçıb.

Bakı şəhər Baş Polis İdarəsi və Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir neçə gündən sonra cinayəti törətmiş, Lökbatan qəsəbəsində kirayədə yaşayan A.Bəşirov tutulub. O, dindirmə zamanı törətdiyi cinayəti etiraf edib və tapançanı tanışı Z.İbayevdən 3 min manata aldığını deyib. Xırdalan şəhərində yaşayan Z.İbayevin evinə baxış keçirilərkən A.Bəşirovun cinayət zamanı istifadə etdiyi “Steçkin” markalı, darağında 17 patronu olan tapança aşkarlanıb, maddi sübut kimi götürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Bəşirov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Daha sonra Z.İbayev də bu cinayəti törətməkdə təqsirli bilinib və onun barəsində axtarışa verilib.

Son xəbərlər

Orphus sistemi