Yuxarı

​Bakının rayonlarındakı binalarda yanğına həssas olan üzlüklərin sökülməsinə başlanılıb

Hündürmərtəbəli binalarda yanğın təhlükəsizliyi ilə bağlı iclas keçirilib

Bakı. 20 may. REPORT.AZ/ Bakının rayonlarında yaşayış binalarında yanğına həssas üzlüklərin sökülməsinə başlanılıb.

"Report"un məlumatına görə, Xətai, Nəsimi, Binəqədi, Xəzər rayon icra hakimiyyətlərində keçirilən iclaslarda icra başçıları təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı göstəriş veriblər.

Xətai rayon İcra Hakimiyyətindən "Report"a verilən məlumata görə, hündürmərtəbəli binalarda təhlükəsizliyi təmin etmək məqsədilə keçirilən iclasda icra başçsı Razim Məmmədov binalara çəkilən yanğına həssas üzlüklərin sökülməsi əmrini verib. Artıq Xətai rayonunda proses başlanılıb.

Nəsimi rayon İcra Hakimiyyətindən "Report"a bildirilib ki, hündürmərtəbəli binalarda yanğın təhlükəsizliyi ilə bağlı iclas keçirilib.

"Nəsimi rayonunda yalnız bir bina - Tibb Universitetinə məxsus Tədris Korpusu yanğına həssas olan materialla üzlənib. Toplantıda qərara gəlinib ki, həmin binanın üzlüyü sökülsün", - məlumatda bildirilib.

Binəqədi rayon İcra Hakimiyyətindən də rayon ərazisindəki binalarda üzlüklərin sökülməsinə başlanıldığı bildirilib.

Xəzər rayon İcra Hakimiyyətindən isə "Report"a bildirilib ki, bununla bağlı iclas olub. Göstəriş verilib ki, yanğına həssas örtüklə üzlənmiş binaların sayı dəqiqləşdirilsin. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi