Bakı. 8 sentyabr. REPORT.AZ/ Sentyabrın 1-də FHN-in Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və DİN-in ″102″ Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya Biləsuvar rayonunun "Mahmudçala" ovçuluq təsərrüfatının ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub.
“Report” xəbər verir ki, məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və DİN-in Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə 2018-ci il 07 sentyabr tarixində dəbaxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 49 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 11 000 kv.m əraziyə yerüstü və 750 kv.m əraziyə isə yeraltı baxış keçirilib.


