Beynəlxalq Bankın sabiq əməkdaşı: "Bankda yoxlama aparılan zaman xəstə idim"

Beynəlxalq Bankın sabiq əməkdaşı: "Bankda yoxlama aparılan zaman xəstə idim" Bakı. 29 noyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankı ASC-nin mənimsəmədə təqsirləndirilən əməkdaşı Əlisultan Məmmədov, bankın digər əməkdaşları Ramin Səməndərov, Kifayət Səmədova, Hacalı Cavadovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
29 Noyabr , 2017 12:06
Beynəlxalq Bankın sabiq əməkdaşı: Bankda yoxlama aparılan zaman xəstə idim

Bakı. 29 noyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin mənimsəmədə təqsirləndirilən əməkdaşı Əlisultan Məmmədov, bankın digər əməkdaşları Ramin Səməndərov, Kifayət Səmədova, Hacalı Cavadovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Beynəlxalq Bankın "Şamaxı" filialında audit yoxlaması aparan bank əməkdaşları ifadə verib.

Onlar bankın "Şamaxı" filialında problemli kreditlərlə bağlı aparılan yoxlamalar barədə danışıblar.

Təqsirləndirilən Ə.Məmmədov bu yoxlama qərarı ilə razı olmadığını söyləyib. O bildirib ki, bankda yoxlama aparılan zaman xəstə olub: "Həmin zaman insult keçirtmişdim. Yoxlamanın nəticələri ilə razı deyiləm, çünki tam olaraq qərəzli aparılıb. Bankda 3 milyon manatlıq problemli kredit olduğu halda yalnız mənim adıma olanları axtarıb, çıxarıblar. Kredit götürən qohumlarımı çağırıb izahat alıblar. Xanımımın da adına həmin bankda kredit olub. Mənim maaşımdan tutub kreditin ödənilməsinə yönləndiriblər".

Daha sonra zərərçəkmiş Ramiz Əsgərov dindirilib. O qeyd edib ki, Ə.Məmmədov qardaşının yaxın dostu olub, buna görə də adına kredit götürülməsinə razılıq verib: "3 min manat bir, 1800 də bir götürüb Əlisultan müəllimə vermişəm. Sonra öyrəndim ki, kreditlər ödənilməyib. Alınan pullardan mənə heç nə çatmayıb".

Bu epizod üzrə Ə.Məmmədov qeyd edilən kreditlərin 2900 manatının ödənildiyini, faizlərlə qalan məbləğin isə ödənilməmiş qaldığını bildirib.

Məhkəməmin növbəti iclası dekabrın 6-na təyin edilib.

Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Şamaxı filialının direktoru olmuş Ə.Məmmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir. Digər şəxslər də bankın əməkdaşlarıdır.

Onlar barəsində həbs qətimkan tədbiri seçilməyib.

Son xəbərlər

Orphus sistemi