Yuxarı

​Beynəlxalq Banka 50 milyon dollar borcu olan iş adamının həbs müddəti uzadılıb

Dünən xəstəxanaya yerləşdirilmiş Ratmir Bəkirov bu gün keçirilən prosesdə iştirak edib

Bakı. 20 noyabr. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan “City Developer” MMC-nin direktoru Ratmir Bəkirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. “Report”un əldə etdiyi məlumata görə, dünən xəstəxanaya yerləşdirilmiş iş adamının işinə Nərimanov Rayon Məhkəməsində baxılıb.

Bu gün keçirilən prosesdə iş adamı şəxsən özü iştirak edib. Məhkəmə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin üç ay müddətinə artırılması ilə bağlı qərar qəbul edib.

Qeyd edək ki, R.Bəkirov ötən gün Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib.

O, fəaliyyətini dayandırmış “Simurq” klubunun prezidenti Anar Bəkirovun atasıdır.

Xatırladaq ki, R.Bəkirovun “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə təxminən 50 milyon dollar borcunun olduğu bildirilir.

Ötən iki gündə 14 iş adamı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb. Saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi