Yuxarı

"Beynəlxalq Bank" işində vəkillərin çıxışı davam edib

​"Beynəlxalq Bank" işində vəkillərin çıxışı
© Report.az

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

"Report"un xəbərinə görə, görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən proses vəkillərin çıxışı ilə davam edib.

Təqsirləndirilən Sadiq Murtuzayevin vəkili bildirib ki, müdafiə etdiyi şəxsə qarşı qarşı irəli sürülmüş ittiham istintaq orqanının subyektiv mülahizələrinə əsaslanıb və məhkəmə istintaqı da bu istiqamətdə gedib. O vurğilayıb ki, müdafiə etdiyi şəxsin günahsız olduğunu sübut edən mötəbər sübutlar araşdırılmayıb.

O, S.Murtuzayevin günahsız olduğunu deyərək, onun barəsində bəraət hökmü çıxarılmasını, onun əmlaklarına qoyulmuş həbs qərarının da məhkəmə tərəfindən götürülməsini istəyib.

Təqsirləndirilən Ramiz Kərimovun vəkili çıxışında bildirib ki, müdafiə etdiyi şəxs günahsızdır. "Sabiq polis əməkdaşı olan Ramiz Kərimov uzun müddət işsiz qalıb, daha sonra mühafizə xidmətinə işə düzəlib. O, müdriyyətin istəyi ilə sənədləri imzalayıb".

Vəkil qeyd edib ki, R.Kərimovun hər hansı cinayətkar qrupda iştirakından söhbət getmir və təqsirləndirilənlərin çoxu bir-birini tanımır. O, müdafiə etdiyim şəxs barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Sabiq deputat Dünyamin Xəlilovun vəkili isə çıxışa hazır olmadığını, Dünyamin Xəlilovla məsləhətləşdikdən sonra çıxış edəcəyini bildirib.

Dünyamin Xəlilov da bunu təsdiqləyib və məhkəmədən vəkilinə vaxt verilməsini istəyib. Məhkəmə onların xahişini nəzərə alıb.

Proses davam edəcək.

Qeyd edək ki, dövlət ittihamçısı Cahangir Hacıyevin əvvəlki cəzası ilə birlikdə qəti olaraq 17 il, sabiq deputat Dünyamin Xəlilovun isə əvvəlki cəzası ilə toplamaqla qəti olaraq 15 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror təqsirləndirilən şəxslərdən İsmayıl Hidayət-zadəyə isə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini istəyib.

Bu işdə adına şirkət açılan və bu yolla da bankdan milyonlarla manatın çıxarılmasına şərait yaradan digər təqsirləndirilənlər Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimov barəsində isə şərti cəza təyin edilməsi istənilib.

Rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə, ümumilikdə, 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasına, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmənin qərarı ilə İ.Hidayət-zadənin cəzası 5 ilə endirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi