Bərdənin Qarayusifli kəndində törədilən terrorun 3-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib.
“Report”un Qarabağ bürosu xəbər verir ki, terror qurbanlarının xatirəsinə ucaldılan abidə ziyarət olunub.
Bildirilib ki, Qarayusifli kəndi 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulan kəndlərimizdən biri olub. Araşdırmalar zamanı məlum olub ki, kəndə 2 ədəd “Smerç”, 2 ədəd “Elbrus” ballistik raketi atılıb. Nəticədə kəndin 5 sakini həlak olub, 14 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həlak olanlardan biri azyaşlı olub.
Qeyd edək ki, 2020-ci il oktyabr ayının 27-də Ermənistan silahlı qüvvələri tərəfində Bərdə rayonunun Qarayusifli kəndinə atılan raket zərbələri nəticəsində dinc sakinlər İsmayılov Ehtiram Xəlil oğlu, Əhmədova Aybəniz Əşrəf qızı, Cəfərova Ofeliya Məcid qızı, Əliyeva Almaz Salah qızı və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı şəhid olub. Kənddə yaşayış evlərinə ciddi ziyan dəyib.
Terror aktı nəticəsində baş verən hadisələrlə bağlı Azərbaycan Baş Prokurorluğu Cinayət Məcəlləsinin 120.2.1 (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri üzrə cinayət işi başladıb.