Yuxarı

Bərdədə kabel oğurluğu ilə məşğul olan dəstə yaxalanıb

Oğurluq nəticəsində dövlətə külli miqdarda maddi ziyan dəyib

Bakı. 23 Aprel. REPORT.AZ/ Bərdə rayonunda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus kabelləri oğurlayaraq metal qəbulu məntəqəsinə satmaqla məşğul olan dəstə yaxalanıb.

“Report” xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri Haqverdizadə Kamandar Rəşid oğlu, Sadiqov Sərxan Sadiq oğlu, Abbaszadə Qorxmaz Əziz oğlu tutularaq istintaqa cəlb edilib.

Müəyyən edilib ki, dostlardan ibarət dəstə üzvləri müxtəlif vaxtlarda rayonun ayrı-ayrı ünvanlarında telefon və internet kabellərini kəsərək yaşadıqları evlərdən birinin həyətinə gətiriblər. Daha sonra həmin kabellərdəki misi çıxararaq metal qəbulu məntəqələrinə satıblar.

Polis satılan kabellərin bir qismini aşkar edərək maddi sübut kimi götürüb.

Bərdə Telekommunikasiya qovşağına məxsus 200 metrdən çox rabitə kabellərinin oğurlanması nəticəsində dövlətə külli miqdarda maddi ziyan vurulub.

İstintaq zamanı dəstə üzvlərinin törətdikləri digər oğurluq əməllərinin də üstü açılıb. Dostlar bir neçə avtomobilin akkumulyatorunu və su nasosunu oğurlayıblar.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi