Bir neçə gün öncə güclü külək nəticəsində Bərdə rayonunda fərdi yaşayış evlərinə, məktəblərə, bəzi uşaq bağçalarına ziyan dəyib.
Bərdə Rayon İcra Hakimiyyətindən "Report"un Qarabağ Mərkəzinə verilən məlumata görə, müvafiq qurumlar tərəfindən operativ şəkildə zəruri tədbirlər görülüb, bir sıra problemlər aradan qaldırılıb, digərləri isə hazırda həllini tapmaqdadır.
Rayon ərazisində yerləşən 9 ədəd beşmərtəbəli yaşayış binası və iki ədəd ikimərtəbəli çoxmənzilli binanın dam örtüyü rayonun daxili imkanları hesabına təmir və bərpa edilir.
İcra hakimiyyətindən qeyd edilib ki, güclü külək nəticəsində Bərdə rayonunun Soğanverdilər kəndində yerləşən tam orta məktəbin dam örtüyünü və Mirzalibəyli kənd uşaq bağçasının dam örtüyünün bir hissəsi uçub.
Hadisə baş verdikdən dərhal sonra ərazi nəzarətə götürülüb. Məktəb və bağça ərazisi və ətrafı dam örtüyünün qopan hissələrindən təmizlənib, müvafiq təhlükəsizlik tədbirləri görülüb. İcra hakimiyyəti tərəfindən dərhal təmir işlərinə başlanılıb. Təmir işlərinin təxminən 80-90 faizi həyata keçirilib. Yaxın günlərdə işlərin tam başa çatdırılması planlaşdırılır.