Yuxarı

Bərdədə çağırışçı gənclər hərbi xidmətə yola salınıb - FOTO

Bərdədə çağırışçı gənclər hərbi xidmətə yola salınıb - FOTO

49

Bərdə. 11 iyul. REPORT.AZ/ Prezident İlham Əliyevin sərəncamına əsasən, Bərdə rayonunda çağırışçı gənclərin həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-muhafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, hərbi xidmətə yola salınan gənclər və onların valideynləri iştirak ediblər.

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon idarəsinin rəisi, polkovnik-leytenant Əfran Nəbiyev çıxış edərək rayonda gənclərin həqiqi hərbi xidmətə çağırışına başlanıldığını bildirib. Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarixindən danışan idarə rəisi müasir müstəqil Azərbaycanın hərbi qüdrətinin artırılmasında ulu öndər Heydər Əliyevin və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xidmətlərindən danışıb.

Daha sonra çıxış edən Bərdə Rayon İcra Hakimiyyətinin başçısınin müavini Fəqət Şadliniskaya bildirib ki, ordu hər bir dövlətin və xalqın təhlükəsizliyinin qarantıdır: "Bu gün dünyada baş verən hadisələr təsdiqləyir ki, güclü ordusu olmayan dövlətlər müstəqil siyasət həyata keçirməkdə çətinlik çəkirlər. Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdandan sonra güclü ordu quruculuğuna xüsusi diqqət yetirməyə başladı. Məhz ümummilli liderimizin uzaqgörənliyi və qətiyyəti sayəsində qısa müddətdə güclü nizami ordu formalaşdırıldı. Ordu quruculuğuna diqqət və qayğını uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində hazırda Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilib. Bu gün Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi dövlət büdcəsindən də çoxdur. Ən müasir hərbi texnika, silah-sursatla təchiz olunmuş Milli Ordumuz Ali Baş Komandanın əmri ilə istənilən anda torpaqlarımızı işğaldan azad etməyə qadirdir və bunu aprel döyüşlərində keçirilən hərbi əməliyyatlar zamanı bir daha sübuta yetirdi".

Sonda hərbi vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.

Çağırışçı gənclər Azərbaycan bayrağını öpərək müqəddəs “Qurani-Kərim”in altından keçərək hərbi hissələrə yola düşüblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi