Yuxarı

Bələdiyyə sədrini və həyat yoldaşını öldürənlərin məhkəməsində FHN əməkdaşı ifadə verib

Məhkəmənin növbəti iclası sentyabrın 2-nə təyin edilib

Bakı. 25 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Saray qəsəbəsi bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənovanı və onun həyat yoldaşı Vəfadar Əbilhəsənovu öldürməkdə təqsirləndirilən Fədai Hüseynovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşı (FHN) Anar Hüseynov, təqsirləndirilən şəxsin qonşusu Knyaz Yusifov, F.Hüseynovun qardaşları - Hüseyn Hüseynov, Nuru Hüseynov, Vahid Əsgərov və Rauf Babayev ifadə verib.

FHN əməkdaşı olan A.Hüseynov bildirib ki, idarəyə yanğınla bağlı məlumat daxil olub: "İki mərtəbəli yaşayış evinin birinci mərtəbəsi yanırdı. Oranı söndürəndən sonra evdə heç kəsin yaşamadığı məlum oldu".

K.Yusifov ifadəsində V.Əbilhəsənovaya torpaq almaq üçün 18 min manat verdiyini deyib: "2014-cü ildə 3 torpaq sahəsi aldım. Pulu Vəsilə xanımın özünə verdim. Vəsilə xanımın göstərişi ilə Fədai həmin torpaq sahələrini mənə göstərib".

H.Hüseynov qeyd edib ki, hadisə vaxtı səhhəti ilə əlaqədar Türkiyədə olub: "Mən də ümumilikdə 94 min manat pulu Vəsilə xanıma vermişəm. Lakin torpağın yalnız birinin sənədlərini ala bildim".

V.Əsgərov isə bildirib ki, 3 hektar torpaq sahəsi üçün hissə-hissə V.Əbilhəsənovaya 170 min manat pul verib: "Həmin pulları Fədainin yanında Vəsilə xanıma verdim, lakin sənədləri ala bilmədim, torpaq sahəsini də həmçinin..."

Məhkəmənin növbəti iclası sentyabrın 2-nə təyin edilib.

Qeyd edək ki, qətl ötən ilin iyul ayının 8-də Saray qəsəbəsində baş verib. Bələdiyyə sədri, 39 yaşlı V.Əbilhəsənova və həyat yoldaşı V Əbilhəsənov amansızlıqla qətlə yetirilib. Araşdırmalar zamanı qətlin F.Hüseynov tərəfindən törədildiyi məlum olub. 35 yaşlı F.Hüseynov ailəyə çox yaxın şəxs olub. Ev və torpaq alqı-satqısı ilə məşğul olan F.Hüseynov gecə saatlarında mərhumların evinə gəlib və hələlik dəqiqləşməmiş səbəblərdən mübahisə yaranıb. Mübahisə zəminində o, V.Əbilhəsənovanı kəsici, onun həyat yoldaşını isə odlu silahla qətlə yetirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi