BDU-nun dekan müavini məhkəmədə ifadə verib: "Tələbəni kimlərsə öyrədir"

BDU-nun dekan müavini məhkəmədə ifadə verib: "Tələbəni kimlərsə öyrədir" Tələbə özünü təqsirli bilməyib
Hadisə
25 may 2017 13:31
BDU-nun dekan müavini məhkəmədə ifadə verib: Tələbəni kimlərsə öyrədir

Bakı. 25 may. REPORT.AZ/ Bu gün Yasamal Rayon Məhkəməsində Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini, dosent Nigar İsmayılzadənin həmin fakültənin 4-cü kurs tələbəsi Zəka Mirağayevin barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə N.İsmayılzadə çıxış edib.

O bildirib ki, Z.Mirağayev KİV-də ona böhtan atıb, "rüşvətxor" adlandırıb, universitetdə neqativ əməllərlə məşğul olduğunu deyib. N.İsmayılzadə yazılanları özünə təhqir hesab etdiyini bildirib: "Zəka Mirağayev 14 ildir universiteti bitirə bilmir. Onu kimlərsə öyrədir".

Daha sonra N.İsmayılzadənin vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulov iddia ərizəsinə əlavəni məhkəməyə təqdim edib. Belə ki, dekan müavini tələbənin Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə də cəzalandırılmasını istəyir.

Z.Mirağayevin vəkili Elçin Sadıqov isə iddiaya əlavənin icraata qəbul olunmasına etiraz edib.

İddia əlavə icraata qəbul olunub.

Z.Mirağayev məhkəmədə dindirilərkən özünü qətiyyən təqsirli bilmədiyini deyib. O, dekan müavinini "rüşvətxor" adlandırmasında sübutunun olduğunu söyləyib: "Mən nə birbaşa ona rüşvət vermişəm, nə də o, məndən tələb etməyib. Bu, məndən kənarda baş verib. Əlimdə sübutlar var".

Məhkəmənin növbəti iclası iyunun 8-nə təyin edilib.

Qeyd edək ki, BDU-un İlahiyyat fakültəsinin dekan müavini, dosent N.İsmayılzadə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, həmin fakültənin 4-cü kurs tələbəsi Z.Mirağayevin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini istəyir. O, məhkəməyə müraciətində göstərib ki, Z.Mirağayev ona böhtan atıb, ağır cinayət törətməkdə ittiham edərək təhqir edib.

Dekan müavininin iddia ərizəsinə əsasən, bir müddət öncə KİV-də onun haqqında bir neçə məqalə dərc olunub. Həmin məqalələrdə N.İsmayılzadə özünün ünvanına təhqiredici ifadələr və böhtan xarakterli məlumatlar əks etdirildiyini deyib.

Son xəbərlər

Orphus sistemi