Baş prokuror: "Ötən il Azərbaycanda 203 qəsdən adam öldürmə cinayəti törədilib"

Baş prokuror: "Ötən il Azərbaycanda 203 qəsdən adam öldürmə cinayəti törədilib" "2014-cü illə müqayisədə hesabat dövründə qeydə alınmış qəsdən adam öldürmə cinayətlərinin ümumi sayı 16 hadisə azalıb"
Hadisə
5 Fevral , 2016 18:29
Baş prokuror: Ötən il Azərbaycanda 203 qəsdən adam öldürmə cinayəti törədilib

Bakı. 5 fevral. REPORT.AZ/ Baş Prokurorluğun Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyat qurumları ilə həyata keçirdiyi birgə səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində 2015-ci ildə qeydə alınan 203 qəsdən adam öldürmə cinayətlərindən 194 hadisənin, o cümlədən qeyri-aşkar şəraitdə törədilən və əksəriyyəti xüsusilə ağır cinayətlər olan, iki və daha çox şəxsin ölümü ilə nəticələnmiş 71 hadisənin isti izlərlə açılması təmin olunub. 

"Report" xəbər verir ki, bunu fevralın 5-də Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2015-ci ildə görülən işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş kollegiya iclasıında baş prokuror Zakir Qaralov deyib. 

Baş prokuror qeyd edib ki, həmin cinayətlərin açılması 95,5 % təşkil edilib. 2014-cü illə müqayisədə hesabat dövründə qeydə alınmış qəsdən adam öldürmə cinayətlərinin ümumi sayı 16 hadisə və açılmamış bu xarakterli cinayətlərin sayı isə 3 hadisə azalıb. 

Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin və rayon (şəhər) prokurorluqlarının əməkdaşlarının aidiyyəti hüquq mühafizə orqanlarının əməliyyat qurumları ilə həyata keçirdikləri birgə istintaq-əməliyyat tədbirləri nəticəsində hesabat dövründə ötən illərdə baş verməklə bağlı qalmış bir sıra qəsdən adam öldürmə cinayətlərinin açılması təmin olunub, habelə itkin düşmüş şəxslər kimi axtarışda olan bir neçə nəfərin qəsdən öldürülmələri müəyyən edilib.

Azərbaycan Respublikası Hərbi Prokurorluğu orqanları tərəfindən Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə sahəsində səmərəli tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran baş prokuror bildirib ki, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər daha səmərəli olub, hesabat dövründə qeydə alınmış cinayətlərin 99,6 faizi açılıb. 

Cinayətkarlığa qarşı mübarizə sahəsində terrorçuluq, müxtəlif xarakterli ekstremizm təzahürlərinə qarşı mübarizə məsələləri də daim diqqət mərkəzində saxlanılmaqla, bu qəbldən olan cinayət işlərinin istintaqı zamanı bütün təqsirli şəxslərin ifşa olunaraq məhkəmə məsuliyyətinə verilməsi ilə yanaşı, cinayəti doğuran səbəb və şəraitlərin aşkarlanaraq qabaqlayıcı və profilaktiki tədbirlərin görülməsi təmin edilib.

Belə ki, hesabat dövründə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən bu kateqoriyadan olan, eləcə də qəsdən adam öldürmə cinayətlərinin keyfiyyətli istintaq edilməsi və cinayət törətmiş şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri sahəsində ciddi uğurlar əldə edilib.

Son xəbərlər

Orphus sistemi