"Bank Technique"dən 45 milyon manat kredit götürüb mənimsəyən şəxslərin məhkəməsi keçirilib

"Bank Technique"dən 45 milyon manat kredit götürüb mənimsəyən şəxslərin məhkəməsi keçirilib "AMAY" MMC-nin direktoru Elşən Novruzov ifadə verib
Hadisə
22 Sentyabr , 2015 14:37
Bank Techniquedən 45 milyon manat kredit götürüb mənimsəyən şəxslərin məhkəməsi keçirilib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “İnteralyans” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) təsisçisi Cavidan Hacıyev və “Meridian Company” MMC-nin təsisçisi və direktoru Rauf Kərimovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

“Report”un məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər və şahidlər - Mətanət İskəndərova, Əzimməmməd Babayev və "AMAY" MMC-nin direktoru Elşən Novruzov ifadə verib.

Xatırladaq ki, 2014-cü ildə Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı xəbərə əsasən, "Bank Technique" Açıq Səhmdar Cəmiyyətinə (ASC) daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanıb. İstintaq zamanı "İnteralyans" MMC-nin təsisçisi Cavidan Hacıyevin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə "Transalyans", "Qarant-Ko" MMC və digər şirkətlər yaratmaqla onların adına "Bank Technique" ASC-dən müxtəlif vaxtlarda hissə-hissə cəmi 18 milyon 715 min 552 manat, "Meridian Company" MMC-nin təsisçisi və direktoru Rauf Kərimovun eyni üsulla müxtəlif vaxtlarda hissə-hissə 25 milyon 756 min 547 manat məbləğində (təxminən 45 milyon manata yaxın) kredit rəsmiləşdirməklə götürüb mənimsəmələrində, habelə Cəmiyyətin qanuni mənafelərinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan onlara Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib.

Son xəbərlər

Orphus sistemi