Yuxarı

​"Bank of Azerbaijan"ın işçisi və keçmiş icra başçısının qardaşı məhkəmədə dindirilib

Kredit Şöbəsinin rəhbəri milyonlarla pulu bankda sənədləşmə olmadan saxladığını açıqlayıb

Kredit Şöbəsinin rəhbəri milyonlarla pulu bankda sənədləşmə olmadan saxladığını açıqlayıb

Bakı. 14 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1984-cü il təvəllüdlü Araz Eyvazovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə adı keçən Eldəniz Axundovun dostu Səməd Abbasov, Şərur Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rəfail Rəsulovun qardaşı Cavanşir Cəfərov və təqsirləndirilən şəxs ifadə verib.

"Bank of Azerbaijan" bankının 4 saylı filialının Kredit Şöbəsinin rəhbəri olan S.Abbasov dindirilən zaman bildirib ki, E.Axundovun pullarını iş otağında saxlayıb: "Eldənizlə uzun illərdir dostuq. Arazı Eldənizin vasitəsi ilə tanıdım. Biznes işinə başladıqlarını dedi. 2013-cü ildə isə Eldəniz mənə zəng elədi. Araz banka gəlib ona 1 milyondan artıq pul verməyimi istədi. Çünki həmin pullar Eldənizin şəxsi pulları idi. O, mənə pulları saxlamaq üçün vermişdi. Mən də həmin pulları işlədiyim bankda öz iş otağımda olan seyfdə saxlayırdım. Bunu bankda rəsmiləşdirməmişdik. Ümumilikdə Araza 2 milyon 770 min dollar nəğd pul vermişəm. Araz pulları məndən aparmaq üçün bir neçə dəfə Şövqi Həsənovla gəldi. Həmin vaxtı Eldəniz mənə dedi ki, Araz "Procter & Gamble" şirkətinin işçisidir. Şövqi Həsənov isə Arazın işlərinə nəzarət edir. Mən onların nə işlə məşğul olduğundan xəbərsiz idim".

A.Eyvazov isə pulları S.Abbasovdan aldığını inkar edib: "Səməd düzgün danışmır. Mən ondan heç bir yerdə pul almamışam. Türkiyədən gələn malların qazancından Eldənizə 870 min manat pul verdim. Bu işdə Eldəniz dəfələrlə deyirdi ki, Vüsal Cəfərov günahkardır. Türkiyədən gətirdiyimiz 100 min manat dəyərində olan yuyucu tozlarını Bakıda milyondan artığına satırdıq. Bir dəfə Eldəniz həmin malların bizim başımıza iş gətirəcəyini etiraf da etdi. Ona görə də malları dəyər-dəyməzə satdıq. Əvvəl Eldənizin 350 min manatı ziyana düşdü. Vüsal isə bu ziyanı geri qaytarmaq üçün Türkiyədən mebel, lampa və kombi göndərdi. Mallar isə saxta çıxdı".

O.Rəsulovun əmisi C.Cəfərov A.Eyvazovun ona borclu olduğu 30 min manatı qaytardığını deyib: "Arazı Orxanın yanında bir neçə dəfə görmüşəm. Onun mənimlə deyil, Orxanla qohumluğu var. 2013-cü ildə Arazdan 30 min manatlıq yuyucu tozu aldım. Əvvəl onun mənə borcu olsa da, sonradan qaytardı. Nərimanov parkında Araz, Orxan, Azər və Eminlə görüşdük. Parkda söhbət zamanı Arazın Orxan və Tağıya təxminən 750 min manat borcu olduğunu eşitdim".

A.Eyvazov isə C.Cəfərova borcunu qaytardığını təsdiq edib: "Düzdür, borcumu qaytardım. Lakin bizim Nərimanov parkında görüşümüz olmayıb".

Məhkəmənin növbəti iclası oktyabrın 21-nə təyin edilib.

Xatırladaq ki, E.Axundov "Şərur-İnşaat" şirkətinin rəhbəri İsfəndiyar Axundovun qardaşı oğludur. O, A.Eyvazova 2 milyon 770 min dollar nağd pul verdiyini bildirib.

Qeyd edək ki, hadisə 2012-ci ildə baş verib. Məsələ ilə bağlı bir il ibtidai istintaq aparılıb. İş bir dəfə məhkəmədən geri göndərilib.

A.Eyvazov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi