Balakən Rayon Polis Şöbəsinin və Dövlət Sərhədi Xidmətinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olan rayon sakinləri Aslan Uzunov və onun qohumu İsmət Qardaşov saxlanılıb.
Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, həmin şəxslər qabaqcadan əlbir olaraq, Poştbinə kəndi ərazisindəki meşə massivində narkotik tərkibli çətənə bitkiləri becəriblər. Daxili İşlər Nazirliyi və Dövlət Sərhədi Xidmətinin əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilən zaman oradan 22 ədəd aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən çətənə bitkiləri aşkar edilərək götürülüb.
Faktla bağlı Polis Şöbəsində araşdırma aparılır.

