Yuxarı
    Bağlamaq

    Bakının yol polisi ilk Avropa Oyunları ilə bağlı sürücülərə müraciət edib

    Sürücüləri intizamlı olmağa, paytaxtda çoxsaylı xarici qonaqların olduğu bir dövrdə cəmiyyətə qarşı hörmətsiz yanaşmamağa dəvət edirik

    Bakı. 16 iyun. REPORT.AZ/ "Bakıda asayişin qorunması, yol hərəkətində təhlükəsizliyin təmin olunması üçün bütün polis qüvvələri səfərbər edilib və gücləndirilmiş iş saatı ilə xidmətlərini davam edirlər". Bunu "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovniki Vaqif Əsədov deyib.

    O qeyd edib ki, l Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar polis paytaxtda bütün əraziləri tam nəzarətə götürüb və zəruri tədbirlər həyata keçirilir: "Görülən tədbirlər Bakı şəhəri üzrə yol nəqliyyat hadisələrinin sayının aşağı düşməsinə, ölüm sayının azalmasına və xəsarət dərəcəsinin yüngülləşməsinə təsir göstərib. Yarışların keçirilməsi ilə əlaqədar DYP əməkdaşları zəruri tədbirlər həyata keçirir. Belə ki, parklanma və digər qaydaların pozulması, mövcud şəraitdən istifadə edib avtoxuliqanlıq hərəkətlərinə cəhd göstərilməsi, sərxoş vəziyyətdə avtomobilin idarə edilməsi, eləcə də polisin qanuni tələblərini yerinə yetirməyən, "Oyunlar zolağı" ilə qanunsuz hərəkət edən sürücülərə qarşı mübarizə tədbirləri davam etdirilir".
    V.Əsədov bildirib ki, "Avropa Oyunlar zolağı" üzrə nəqliyyatın sərbəst hərəkətinə mane olan və digər hərəkət iştirakçılarına qəza şəraiti yaradan, insanlara açıqca hörmətsizlik ifadə edən intizamsız sürücülərə qarşı mübarizənin daha effektli təşkil edilməsi məqsədi ilə ictimai qınaq metodlarından istifadə olunacağı barədə xəbərdarlıq edilib: "Bütün bu görülən işlərə baxmayaraq qəza şəraiti və digər xətalar törədən sürücülərə rast gəlinir. İntizamsızlığa meyilli olan sürücülər elə bilir ki, DYP əməkdaşlarının diqqəti yalnız paytaxta keçirilən Oyunlarla bağlı hərəkətin tənzimlənməsinə və tədbir iştirakçılarının təhlükəsizliyinin təmin olunmasına yönəlib. Amma bu cür düşünənlər yanılırlar. Çünkü Oyunlarla əlaqədar olaraq qaydaları pozan sürücülərə qarşı bəzən yerindəcə inzibati protokolların tərtib edilməsi mümkün olmasa da, müşahidə kameraları və yaxud monitorların qeydə aldığı foto və video materiallar əsasında cəza tədbirləri həyata keçirilir. İndiyədək təkcə I Avropa Oyunları zolağına daxil olaraq hərəkət edən 1800-dən artıq sürücü məsuliyyətə cəlb edilib".
    Şöbə rəisi deyib ki, Bakı Şəhər BPİ DYPİ l Avropa Oyunları ilə bağlı vətəndaşlara müraciət edib: "Dünyanın diqqəti Bakıdadır deyə vətandaşlarımıza davranış qaydalarına, sanitar tələblərə əməl etməyi, yol hərəkəti və informasiya təhlükəsizliyinin təmin olunmasında üzərlərinə düşənləri yerinə yetirməyi, vətəndaş sayıqlığının və səmimiyyətinin artırılmasını, həmçinin ictimai nəzarətin gücləndirilməsini tövsiyə edirik.
    Sürücüləri və digər yol hərəkət iştirakçılarını intizamlı olmağa, xəta törətməklə təhlükə yaratmamağa, paytaxtda çoxsaylı xarici qonaqların olduğu bir dövrdə cəmiyyətə qarşı hörmətsiz yanaşmamağa çağırırıq".
    V.Əsədovun sözlərinə görə, belə çağırışlara məhəl qoymayan, ictimai qaydaları və əhalinin dincliyini nümayişkarcasına pozan sürücülərə qarşı qanunun tələblərinə uyğun ciddi şəkildə tədbirlər görüləcək: "Həmin şəxslərin kimliyi və törətdikləri əməllər barədə ictimaiyyətə məlumat veriləcək".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi