Bakıdan Şabrana istirahətə gedən ailə qəzaya düşüb, 3-ü uşaq olmaqla 6 nəfər ağır yaralanıb - YENİLƏNİB

Bakıdan Şabrana istirahətə gedən ailə qəzaya düşüb, 3-ü uşaq olmaqla 6 nəfər ağır yaralanıb - YENİLƏNİB Hadisə Gəndab-Yalama yolunun 1-ci kilometrliyində qeydə alınıb
Hadisə
23 İyul , 2017 06:21
Bakıdan Şabrana istirahətə gedən ailə qəzaya düşüb, 3-ü uşaq olmaqla 6 nəfər ağır yaralanıb - YENİLƏNİB

Bakı. 23 iyul. REPORT.AZ/ Şabranda baş vermiş qəzanın bəzi təfərrüatları bəlli olub.

"Report" xəbər verir ki, qəza törədən avtomobilin sürücüsü Quliyev Ramiz Azərbaycan Tibb Universitetinin müəllimidir. O, "Mercedes" markalı avtomobilini idarə edərkən ön təkər mexanizmi anidən qırılıb. Qəza da bu səbəbdən baş verib.


*** 20:07

Bakı. 22 iyul. REPORT.AZ/ Baş vermiş hadisə nəticəsində xəsarət alanların iki nəfər azyaşlı uşaq Xaçmaz rayon xəstəxanasına göndərilib. "Report"un şimal bürosu xəbər verir ki, onlar 2014-cü il təvəllüdlü Şirəliyev Babək Elçin oğlu və 2015-ci il təvəllüdlü Şirəliyev Əli Elçin oğludur. Şirəliyev Babək Elçin oğluna çoxsaylı sınıq, qapalı kəllə-beyin travması və ənsə nahiyəsinin əziyi diaqnozu qoyulub. Onun kiçik qardaşı Şirəliyev Əli Elçin oğlunun isə bud sümüyü sınıb.

Onlar artıq yaşadıqları Bakı şəhərinə göndəriliblər.


*** 19:11

Bakı. 22 iyul. REPORT.AZ/ Gəndab-Yalama yolunda baş vermiş qəza nəticəsində yaralanan şəxslərin adları məlum olub. "Report"un şimal bürosunun məlumatına görə, qəza nəticəsində xəsarət alanların bəziləri Siyəzən, bəziləri isə Şabran xəstəxanasına yerləşdiriliblər.

Siyəzən xəstəxanasında olanlar:

1993-cü il təvəllüdlü Şirəliyeva Günel Ramiz qızı (vəziyyəti ağırdır)

1964-cü il təvəllüdlü Quliyev Ramiz Əli oğlu (vəziyyəti orta ağırdır)

1972-ci il təvəllüdlü Quliyeva Fatma Abbas qızı (vəziyyəti orta ağırdır)

Şabran xəstəxanasında olan yaralı:

2008-ci il təvəllüdlü Bakı şəhər sakini Quliyeva Mina Ramiz qızı (Sağ dirsəyin qapalı sınığı bədənin çox saylı sıyrıntıları)

Digər yaralıların adları hələ ki, məlum deyil 


*** 17:08

Şabran. 22 iyul. REPORT.AZ/ Şabran rayonunda baş verən yol qəzasında bir ailənin 6 üzvü ağır xəsarət alıb. 

"Report"un Şimal bürosu xəbər verir ki, hadisə Gəndab-Yalama yolunun 1-ci kilometrliyində qeydə alınıb. 

Belə ki, Bakı şəhərindən istirahətə gələn ailənin olduğu “Mercedes” markalı 10-UN-680 dövlət qeydiyyat nişanlı avtomobil qəzaya uğrayıb.

Qəza nəticəsində xəsarət alanlardan 2 azyaşlı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına, 1 uşaq Şabran Rayon Mərkəzi Xəstəxanasına, 3 nəfər isə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Bakı şəhər sakini, 2008-ci il təvəllüdlü Quliyeva Mina Ramiz qızına sağ dirsəyin qapalı sınığı, bədənin müxtəlif yerlərində çoxsaylı sıyrıntılar diaqnozu qoyulub.

Xəsarət alan digər şəxslərin adları hələlik məlum deyil. 

Xəstəxanalardan bildirilib ki, xəstələrə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi