Bakıda yük maşını 20 metr hündürlükdən aşıb - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda yük maşını 20 metr hündürlükdən aşıb - FOTO - VİDEO - YENİLƏNİB Sürücü ağır xəsarət alıb
Hadisə
455
18 Yanvar , 2018 10:38
Bakıda yük maşını 20 metr hündürlükdən aşıb - FOTO - VİDEO - YENİLƏNİB
Report

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yük maşınının aşması ilə bağlı rəsmi məlumat yayıb.

Agentlikdən “Report”a daxil olan məlumatda bildirilib ki, bu gün səhər saatlarında Bakı Dairəvi-1 avtomobil yolunun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna (Bakı-Sumqayıt yolu) birləşən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, Bakı Dairəvi-1 avtomobil yolu ilə Bakı-Sumqayıt yolu istiqamətində hərəkət edən “Shacman” markalı yük maşınının sürücüsü idarəetməni itirərək yoldan kənara, təqribən 20 metr hündürlükdən Biləcəri enişindəki yola aşıb. Nəticədə sürücü ağır bədən xəsarətləri ilə təcili olaraq xəstəxanaya çatdırılıb.

Qəza zamanı yol təsərrüfatına da ciddi ziyan dəyib. Yol kənarında olan əyri-xətli dəmir tirlər sıradan çıxıb, yolun çiyin hissəsində olan tökmə beton dağılıb. Hazırda yol təsərrüfatına dəymiş ziyan hesablanır.

Qeyd edək ki, ağır tonajlı yük maşını sement daşıyırdı. Qəza nəticəsində aşan yük maşınından sement və yanacaq çənində olan dizel ətrafa dağılıb. Baş verə biləcək hər-hansı bir bədbəxt hadisənin qarşısını almaq məqsədi ilə hadisə yerinə yanğınsöndürən maşın cəlb olunub və yola dağılmış dizel yanacağı təzyiqli su ilə yuyulub.

Xoşbəxtlikdən qəza zamanı yük maşınının aşdığı hissədə başqa avtomobillər olmayıb.


*** saat 09:26

Bakı. 18 yanvar. REPORT.AZ/ Bakının Binəqədi rayonu ərazisində bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Bakı Dairəvi yolu ilə Sumqayıt istiqamətində hərəkətdə olan nişanlı sement daşıyan yük avtomobili döngəyə daxil olərkən idarəetməni itirib. Yük maşını dəmir maneələrə çırpılaraq təxminən 20 metr hündürlükdən aşağıdakı yola düşüb. Hadisə zamanı sürücü ağır xəsarət alıb. Yaxınlıqdakı vətəndaşlar onu xəstəxanaya aparıb.

Hadisə yerinə DYP əməkdaşları gəliblər.

Qeyd edək ki, hadisə ilə əlaqədar Avtovağzaldan Biləcəriyə gedən yolda böyük tıxac yaranıb. 

Son xəbərlər

Orphus sistemi