Bakıda “Vinçestr”lə qonşusunu vuran Rusiya vətəndaşı 5 il müddətinə azadlıqdan məhrum edilib

Bakıda “Vinçestr”lə qonşusunu vuran Rusiya vətəndaşı 5 il müddətinə azadlıqdan məhrum edilib Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
31 Avqust , 2017 17:59
Bakıda “Vinçestr”lə qonşusunu vuran Rusiya vətəndaşı 5 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 31 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Vəli Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə onun barəsində Cinayət Məcəlləsinin (CM) 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib. Hökmə əsasən, V.Əhmədov 5 il müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, dövlət ittihamçısı çıxışında V.Əhmədovun 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumatına görə, Bakıda cinayət hadisəsi törətməkdə şübhəli bilinən Rusiya vətəndaşı tutulub. Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Rusiya Federasiyası vətəndaşı V.Əhmədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə qəsəbə sakini Sənan İsmayılova xəsarət yetirib. S.İsmayılov dərhal xəstəxanaya yerləşdirilib.

Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Əhmədov tutulub. Hadisəni törədərkən onun istifadə etdiyi "Vinçester" markalı tüfəng, 4 ədəd patron və 1 ədəd giliz götürülüb.

O, Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.

Son xəbərlər

Orphus sistemi