Bakı. 23 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhləməsində qətl törətməkdə təqsirləndirilən 1992-ci il təvəllüdlü Elçin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Vərəm Dispanserdə mühafizəçi işləyən Hüseynağa Hüseynov ifadə verib.
O, hadisəni görmədiyini deyib: "Həmin vaxt dedilər ki, həkim bıçaqlanıb. Otağa gedəndə ora qan idi. Sonra polislər gəldi. Hadisəni törədən şəxsin dispanserə haradan keçməsini görməmişəm".
Təqsirləndirilən şəxs isə dispanserə girişdən girdiyini, qətli törədəndən sonra da girişdən çıxdığını deyib.
Daha sonra digər şahid Ariz Kərimov dindirilib. O, dispanserdə həkim işlədiyini söyləyib: "Hadisədən xəstələrin məlumat verməsi ilə xəbər tutdum. Biz gedəndə artıq gec idi, düynasını dəyişmişdi".
Məhkəmənin növbəti iclası iyulun 7-nə təyin edilib
Qeyd edək ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsindəki Vərəm Dispanserində baş verib. Dispanserdə tibb bacısı işləyən, 1971-ci il təvəllüdlü Fərqanə Bağır qızı Mürsəlova qızının əri, 1992-ci il təvəllüdlü Elçin Arzuman oğlu Hüseynov tərəfindən bıçaqlanaraq öldürülüb.
İlkin məlumata görə, hadisəni törədən E.Hüseynovla həyat yoldaşı arasında mübahisə yaranıb. Daha sonra həyat yoldaşı evi tərk edərək anasıgilə gedib. E.Hüseynov dispanserə gələrək qayınansından qızını geri göndərməsini tələb edib.
F.Mürsəlova isə E.Hüseynovun tələbinə rədd cavabı verib. Tərəflər arasında yaranan mübahisə qadının qətli ilə nəticələnib.