Bakıda “Vəkillik və İKT, müasir çağırışlar” mövzusunda tədbir keçirilib - YENİLƏNİB

Bakıda “Vəkillik və İKT, müasir çağırışlar” mövzusunda tədbir keçirilib - YENİLƏNİB Bu gün Bakıda “Vəkillik və İKT, müasir çağırışlar” mövzusunda tədbir keçirilir.
Hadisə
24 Oktyabr , 2022 17:03
Bakıda “Vəkillik və İKT, müasir çağırışlar” mövzusunda tədbir keçirilib - YENİLƏNİB

Bu gün Bakıda Ədliyyə Nazirliyi və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə “Vəkillik və İKT, müasir çağırışlar” mövzusunda tədbir keçirilib.

"Report"un xəbərinə görə, toplantıda Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyalar idarəsinin rəisi Ağakərim Səmədzadə, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, nazirliyin digər əməkdaşları, Vəkillər Kollegiyasının rəhbərliyinin, dövlət hesabına hüquqi yardımı həyata keçirən bütün qurumların rəhbərləri və fərdi qaydada fəaliyyət göstərən vəkillər, QHT nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə çıxış edən Anar Bağırov son illərdə Azərbaycanda vəkillik sahəsində həyata keçirilən islahatlardan danışıb. O qeyd edib ki, son illərdə vəkillik sahəsində çox ciddi yeniliklər baş verir:

"Əsas məqsədimiz vəkillərin fəaliyyətinin asanlaşdırılmasıdır".

O, Ədliyyə Nazirliyindən Azərbaycan vəkillərinin sorğularına elektron qaydada cavab verilməsini də xahiş etdiyini bildirib:

"Sorğulara elektron qaydada cavabların verilməsi vaxt itkisinin qarşısını alacaq".

Toplantıda çıxış edən Aynur Sabitova isə bildirib ki, Ədliyyə Nazirliyi ilə Vəkillər Kollegiyası arasında sıx əməkdaşlıq həyata keçirilir. Onun sözlərinə görə, vəkillər üçün Ədliyyə Akademiyasında təlimlər, ixtisasartırma kursları təşkil olunur, təlimçi vəkillər hazırlanır:

"Mən xüsusilə vəkillərimizin nazirliyin penitensiar müəssisələrində həyata keçirdiyi ödənişsiz hüquqi yardım aksiyalarını qeyd etmək istəyirəm. Əldə olunmuş razılığa əsasən, müxtəlif vəkil büroları bu işə vaxt ayıraraq könüllü belə xidmətlər göstərirlər. Mütəmadi xarakter daşıyan bu aksiyalardan məhkumlar çox geniş bəhrələnirlər. Bu işdə Anar müəllimin dəstəyi böyükdür".

Çıxışlardan sonra informasiya və kommunikasiya texnologiyaları, onlarda istifadə vasitələri, bu sahədə vəkillərin yaşadıqları problemlərlə bağlı müzakirələr aparılıb və Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyalar idarəsinin rəisi Ağakərim Səmədzadə vəkillərin suallarını cavablandırıb.

O vurğulayıb ki, ölkədə elektron məhkəmə sisteminin yeni versiyası hazırlanır:

"Artıq bununla bağlı işlərə başlanılıb".

İdarə rəisi xidmətlərin vətəndaşlara əlçatan olmasının zəruriliyini vurğulayıb. O, bu sahədə nazirliyin kifayət qədər uğurlarının olduğunu qeyd edib.

A.Səmədzadə həmçinin bildirib ki, yaxın günlərdə "mobil əhali" tətbiqi istifadəyə veriləcək və həmin tətbiq vasitəsilə vətəndaşlar arayışları ala biləcəklər.

Tədbirin ikinci hissəsində isə vəkillər tərəfindən dövlət hesabına həyata keçirilən hüquqi yardımla bağlı monitorinqin nəticələrinə dair, Vəkillər Kollegiyasının rəhbərliyinin, dövlət hesabına hüquqi yardımı həyata keçirən bütün qurumların rəhbərlərinin və fərdi qaydada fəaliyyət göstərən vəkillərin ümumrespublika müşavirəsi keçirilib.

Qeyd olunub ki, 2021-ci il ərzində icra edilmiş məhkəmə qərarlarının sayı 29 min 334-dür. Dövlət hesabına ödənilən məbləğ isə 4 milyon 511 min 287 manat təşkil edir.

Qeyd olunub ki, Bakı şəhəri üzrə 14 min 609 qərarla 2 milyon 506 min 950 manat vəsait ödənilib: "Regionlar üzrə 14 min 735 qərarla 2 milyon 4 min 336 manat məbləğində ödənilmə təşkil edilib. Onlardan 21 min 296-sı məhkəmə qərarı əsasındadır ki, bu da 2 milyon 793 min 711 manat təşkil edir. İstintaq orqanın qərarı 8 min 848 təşkil edirsə, həmin qərarlar əsasında 1 milyon 717 min 575 manat vəsait vəkillərə ödənilib".

Müşavirə çıxışlardan sonra başa çatıb.

11:09

Bu gün Bakıda “Vəkillik və İKT, müasir çağırışlar” mövzusunda tədbir keçirilir.

"Report"un xəbərinə görə, Ədliyyə Nazirliyi və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə hər iki qurumun rəsmi şəxsləri və QHT nümayəndələri iştirak edirlər.

Tədbirdə informasiya və kommunikasiya texnologiyaları, onlarda istifadə vasitələri, bu sahədə vəkillərin yaşadıqları problemlərlə bağlı müzakirələr aparılacaq.

Bundan əlavə, vəkillər tərəfindən dövlət hesabına həyata keçirilən hüquqi yardımla bağlı monitorinqin nəticələrinə dair, Vəkillər Kollegiyasının rəhbərliyinin, dövlət hesabına hüquqi yardımı həyata keçirən bütün qurumların rəhbərlərinin və fərdi qaydada fəaliyyət göstərən vəkillərin ümumrespublika müşavirəsi keçiriləcək.

Son xəbərlər

Orphus sistemi