​Bakıda Türkiyə vətəndaşının avtomobilindən oğurluq edən şəxsin cəzası artırılıb

​Bakıda Türkiyə vətəndaşının avtomobilindən oğurluq edən şəxsin cəzası artırılıb Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib
Hadisə
13 May , 2016 15:59
​Bakıda Türkiyə vətəndaşının avtomobilindən oğurluq edən şəxsin cəzası artırılıb

Bakı. 13 may. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Tahir Əlixan oğlu Atakişiyev barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, T.Atakişiyevin 11 aylıq cəzası artırılaraq 4 il müddətinə çatdırılıb.

Qeyd edək ki, oğurluq hadisəsi ötən il oktyabr ayının 23-də Bakının Binə qəsəbəsində baş verib. Paytaxt sakini T.Atakişiyev dayısı Fəqan Əliyevlə birgə Əmiraslan Ələkbərova məxsus "TOFAŞ" markalı avtomobildən 200 manat və maqnitofon, Türkiyə vətəndaşı Şahin Adem Halitə məxsus "Volkswagen" markalı avtomobildən isə 2 000 manat pul, maqnitofon və sənəd oğurlamaqda sübhəli bilinib.

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər yaxalanıb. Saxlanılan T.Atakişiyev əməlini etiraf etsə də, dayısını ələ vermək istəməyib.

O, Cinayət Məcəlləsinin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2-ci (oğurluq, təkrar törədildikdə), 177.2.4-cü (oğurluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 326.2-ci (rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv etmə, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini oğurlama) maddələri ilə ittiham olunub.

Xəzər Rayon Məhkəməsinin hökmü ilə T.Atakişiyev 11 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.

Son xəbərlər

Orphus sistemi