Yuxarı

​Bakıda turistlərə satmaq üçün saxta dollar hazırlayan Belçika vətəndaşlarına hökm oxunub - FOTO

Hər iki şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 23 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda saxta pul kəsməkdə təqsirləndirilən Kamerun əsilli Belçika vətəndaşları - Maput Martial və Hongla Samuelin cinayət işi üzrə məhkəməsi başa çatıb.

“Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Maput Martial və Hongla Samuel 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu ilin aprel ayında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə etdikləri əməliyyat məlumatı əsasında Kamerunda anadan olmuş Belçika vətəndaşları Maput Martial və Hongla Samuel 10 min saxta ABŞ dollarını 5 min ABŞ dollarına satarkən saxlanılıblar. Onların Xırdalan şəhərindəki kirayədə yaşadıqları evdən əlavə 10 min saxta ABŞ dolları, 1 ədəd rəngli printer və müxtəlif kimyəvi maddələr aşkar edilərək götürülüb. Araşdırmalar zamanı onların Azərbaycanda keçiriləcək Yay Avropa Oyunları qabağı çoxsaylı turistlərin gələcəyini və xarici valyutanın daha çox istifadə olunacağını nəzərə alaraq saxta ABŞ dolları hazırlamaq və dövriyyəyə buraxaraq külli miqdarda gəlir əldə etmək niyyətində olduqları müəyyən edilib.

Hər iki şəxs Cinayət Məcəlləsinin 204.3.2-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma, külli miqdarda törədildikdə) maddəsilə ittiham olunublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi