Bakıda terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən şəxsin məhkəməsində polis əməkdaşı dindirilib

Bakıda terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən şəxsin məhkəməsində polis əməkdaşı dindirilib Məhkəmənin növbəti iclası avqustun 9-na təyin edilib
Hadisə
2 Avqust , 2017 12:21
Bakıda terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən şəxsin məhkəməsində polis əməkdaşı dindirilib

Bakı. 2 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Rahib Sahabovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Məmmədəli Babayev ifadə verib.

O, "Bakı Metropoliteni"ndə polis əməkdaşı olduğunu bildirib. M.Babayev söyləyib ki, hadisə günü naməlum şəxs Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq, “20 Yanvar” metro stansiyasının partladılacağını deyib: "Daha sonra bu barədə bizə məlumat daxil oldu. Biz də hazırlıq gördük, əməliyyata başladıq. Lakin məlumat yanlış çıxdı".

Məhkəmənin növbəti iclası avqustun 9-na təyin edilib.

İttiham aktına əsasən, R.Sahabov 2016-cı ilin noyabr ayında Masazır qəsəbəsində yaşadığı evdən Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib. O vəhhabi təriqətinin üzvlərinin “20 Yanvar” metro stansiyasını partladacağını deyib.

Məlumatla bağlı müvafiq araşdırma aparılıb, lakin məlumat təsdiqini tapmayıb. Keçirilən əməliyyat nəticəsində R.Sahabov həbs edilib.

O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermək) maddəsilə ittiham edilir.

R.Salahov məhkəmədə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O deyib ki, zəng vuran zaman içkili olub: “İçmişəm, piyan olmuşam. Hadisədən əvvəl bir həftə hər gün içirdim, qardaşım rəhmətə getmişdi. Peşmanam, nə dediyimi, niyə dediyimi də bilmədim”.

Son xəbərlər

Orphus sistemi