Bakı. 9 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Rahib Sahabovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Report"un məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
O, məhkəmənin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, R.Sahabov 2016-cı ilin noyabr ayında Masazır qəsəbəsində yaşadığı evdən Daxili İşlər Nazirliyinin "102 Xidməti"nə zəng edib. O vəhhabi təriqətinin üzvlərinin “20 Yanvar” metro stansiyasını partladacağını deyib.
Məlumatla bağlı müvafiq araşdırma aparılıb, lakin məlumat təsdiqini tapmayıb. R.Sahabov keçirilən əməliyyat nəticəsində həbs edilib.
O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermək) maddəsi ilə ittiham edilir.
R.Salahov məhkəmədə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O deyib ki, zəng vuran zaman içkili olub: “İçmişəm, piyan olmuşam. Hadisədən əvvəl bir həftə hər gün içirdim, qardaşım rəhmətə getmişdi. Peşmanam, nə dediyimi, niyə dediyimi də bilmədim”.