Yuxarı

Bakıda tanışını kürəyindən bıçaqlayan şəxs: "Onu öldürmək niyyətim olmayıb"

Bakıda tanışını kürəyindən bıçaqlayan şəxs: "Onu öldürmək niyyətim olmayıb"

Məhkəmənin növbəti iclası yanvarın 17-nə təyin edilib

Bakı. 10 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

N.Hüseynov elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib.

O, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini söyləyib: "Aramızda mübahisə oldu. Ona görə də Qalibi bıçaqladım. Onu öldürmək niyyəti ilə vurmamışam".

Daha sonra zərərçəkmiş Qalib Məmmədov dindirilib. O, təqsirləndirilən şəxsi əvvəllər tanıdığını qeyd edib: "Namiqlə tanışlığım var idi. Aramızda əvvəl dava oldu. Sonra məni kürəyimdən bir neçə dəfə bıçaqla vurdu".

Q.Məmmədov təqsirləndirilən şəxsdən şikayətçi olmadığını söyləyib: "Bıçaq yarasından sonra hələ də ağrılarım var. Şikayətçi deyiləm, amma mənim müalicəmə yardım edilməsini istəyirəm".

Prosesdə şahidlər də ifadə verib. Onlar istintaqa verdikləri ifadələrini təsdiq etdiklərini deyiblər.

Hakim məhkəmə istintaqının başa çatdığı elan edib. Dövlət ittihamçısı isə çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası yanvarın 17-nə təyin edilib.

İttiham aktına əsasən, hadisə ötən il avqust ayının 20-də Nizami rayonunda baş verib. N.Hüseynov gecə saat 02:45 radələrində binanın arxa tərəfində tanışı Qalib Məmmədovla rastlaşıb. Bu zaman Q.Məmmədov ona qeyri-rəsmi nikahda yaşadığı qadına qısqandığını bildirərək onu döyüb. Daha sonra N.Hüseynov yaxınlıqda yerləşən "Qızıl Qaya" kafesinin mətbəxindən bıçaq götürərək geri qayıdıb. Bir qədər keçəndən sonra o, Q.Məmmədovla yenidən dava edib. N.Hüseynov əvvəlcə onun üzünə əli ilə zərbə endirib, sonra bıçaqla Q.Məmmədovun kürək nahiyyəsinə bir neçə bıçaq vurub. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan N.Hüseynovun barəsində 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi