Bakıda tanışını güllələyəndən sonra adını dəyişən şəxsin məhkəmə prosesi keçirilib

Bakıda tanışını güllələyəndən sonra adını dəyişən şəxsin məhkəmə prosesi keçirilib Hadisə 18 il əvvəl - 1997-ci il 23 avqust tarixində baş verib
Hadisə
21 Yanvar , 2015 13:32
Bakıda tanışını güllələyəndən sonra adını dəyişən şəxsin məhkəmə prosesi keçirilib

Bakı. 21 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1997-ci il 23 avqust tarixində Nəsimi rayonu hərbi komissarlığının arxasında odlu silahla qətlə yetirilmiş vəziyyətdə meyiti tapılan Zülfüqar Ağalarovu güllələməkdə təqsirli bilinən 1963-cü il təvəllüdlü Səmədov Varis Məcid oğlunun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesə hakim Əlövsət Abbasov sədrlik edib.

Bu barədə "Report"a qətlə yetirilən Zülfüqar Ağalarovun hüquqi varisi olan qızı Elvina İmanovanın vəkili Emil Aslanov məlumat verib. Əvvəlki proseslərdə ifadə verməkdən imtina edən təqsirləndirilən V.Səmədov bu gün məhkəməyə Z.Ağalarovun cinayət baş verən gün Eldar adlı şəxs tərəfindən qətlə yetirildiyini bildirib. Bundan sonra zərərçəkən tərəfin vəkili məhkəmədə qətl hadisəsinin bir qrup şəxs tərəfindən törədildiyini nəzərə alaraq Cinayət-Prosessual Məcələssinin 318.2 maddəsinə əsasən (Zərərçəkən tərəfin və ya dövlət ittihamçısının vəsatəti ilə təqsirləndirilən şəxsə daha ağır ittiham irəli sürülməsi üçün cinayət işinin ibtidai istintaqa qaytarılması) vəsatət qaldırıb. Məhkəmə vəsatətin yazılı şəkildə məhkəməyə təqdim olunmasının zəruriliyini bildirib. Növbəti proses yanvarın 27-də keçiriləcək. 

İstintaqla müəyyən edilib ki, Varis Səmədov tanışı Eldar Əliyevin (2004-cü ildə Rusiyada yaşadığı evin qarşısında güllələnib) idarə etdiyi maşınında olarkən, metronun “20 Yanvar” stansiyası istiqamətindən Soltan Nəcəfovun maşınında əyləşən digər tanışı Zülfüqar Ağalarovun gəldiyini görüb. Zülfüqar Ağalarovdan borcunu geri istəmək məqsədilə maşını saxlatdırıb. Söhbət etmək üçün onu öz əyləşdiyi maşına dəvət edib. Pul məsələsi ilə bağlı aralarında mübahisə yaranıb.

İstintaq materiallarına əsasən, Varis “Makarov” tipli tapançadan Zülfüqara üç dəfə atəş açıb. Sonra meyiti maşınla Nəsimi rayon Hərbi Komissarlığının arxasına gətirib. Orada binaların arasına atıb. Qətl hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 95-ci (köhnə red.) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb. Varis Səmədovun cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edilib, barəsində axtarış elan olunub. Lakin Varis Səmədov ad-soyadını dəyişdirdiyinə görə (Rəşitov Həmid Məcidoviç), onun yaşadığı yeri müəyyən etmək mümkün olmayıb. 2002-ci ildə Varis Səmədovun əməlləri Cinayət Məcəlləsinin 95-ci maddəsindən Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddəsinə tövsif edilib. Ona Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz odlu silah əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.

Varis Səmədov 2002-ci ilin oktyabr ayında istintaqa gəlib və 1 saylı istintaq təcridxanasına yerləşdirilib. 2003-cü ilin fevral ayında Nəsimi rayon məhkəməsi tərəfindən Varis Səmədovun barəsindəki həbs-qətimkan tədbiri ləğv olunub, qohumlarının nəzarəti altına verilməsi haqqında qərar qəbul edilib. Ancaq sonradan təkrar məhkəmə-psixatrik ekspertizası təyin edilib. Bakı şəhər prokurorunun təqdimatına əsasən Səbail rayon Məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin tibb müəssisəsinə yerləşdirilməsi barədə qərar qəbul olunub. V.Səmədov istintaqdan gizləndiyi üçün ekspertiza keçirilməsi mümkün olmadığından onun barəsində axtarış elan edilib. Bu ilin avqust ayında V.Səmədov istintaqa könüllü gəldiyindən cinayət işi üzrə icraat təzələnib. O, Səbail rayon məhkəməsinin 09.10.2009-cu il tarixli qərarına əsasən Bakı İstintaq Təcridxanasına yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi