​Bakıda tanışını güllələyən və məhkəmə zalından azadlığa buraxılan şəxsin cinayət işinin icraatı dayandırılıb

​Bakıda tanışını güllələyən və məhkəmə zalından azadlığa buraxılan şəxsin cinayət işinin icraatı dayandırılıb Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən iclasda cinayət işinin icraatının dayandırılması barədə qərar qəbul olunub
Hadisə
20 May , 2016 09:40
​Bakıda tanışını güllələyən və məhkəmə zalından azadlığa buraxılan şəxsin cinayət işinin icraatı dayandırılıb

Bakı. 20 may. REPORT.AZ/ Azərbaycanda 19 il əvvəl tanışını odlu silahla qətlə yetirməkdə ittiham olunan və azadlığa buraxılan Varis Səmədov barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya prostesti və zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən iclasda cinayət işinin icraatının dayandırılması barədə qərar qəbul olunub.

Qeyd edək ki, cinayət hadisəsi 1997-ci il avqust ayının 23-də baş verib. Həmin gün səhər saatlarında odlu silahla qətlə yetirilən Zülfüqar Ağalarovun meyiti Nəsimi Rayon Hərbi Komissarlığının arxasında aşkar edilib.

İstintaqla müəyyən edilib ki, V.Səmədov tanışı Eldar Əliyevin (2004-cü ildə Rusiyada yaşadığı evin qarşısında güllələnib) idarə etdiyi maşında olarkən, metronun “20 Yanvar” stansiyası istiqamətindən Soltan Nəcəfovun maşınında əyləşən digər tanışı Z.Ağalarovun gəldiyini görüb. O, Z.Ağalarovdan borcunu geri istəmək məqsədilə maşını saxlatdırıb, söhbət etmək üçün onu öz əyləşdiyi maşına dəvət edib. Onların pul məsələsi ilə bağlı aralarında mübahisə yaranıb.

İstintaq materiallarına əsasən, V.Səmədov “Makarov” tipli tapançadan Z.Ağalarova üç dəfə atəş açıb. Sonra meyiti maşınla Nəsimi Rayon Hərbi Komissarlığının arxasına gətirib, orada binaların arasına atıb. Qətl hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin (CM) 95-ci (köhnə red.) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb. V.Səmədovun cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edilib. Onun barəsində axtarış elan olunub. Lakin V.Səmədov ad-soyadını dəyişdirdiyinə görə (Rəşitov Həmid Məcidoviç), onun yaşadığı yeri müəyyən etmək mümkün olmayıb. 2002-ci ildə V.Səmədovun əməlləri CM-nin 95-ci maddəsindən 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsinə tövsif edilib. Ona CM-nin 120.1 və 228.1-ci (qanunsuz odlu silah əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.

V.Səmədov 2002-ci ilin oktyabr ayında saxlanılıb. 2003-cü ilin fevral ayında Nəsimi Rayon Məhkəməsi V.Səmədov barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edərək, qohumlarının nəzarəti altına verilməsi haqqında qərar qəbul edib. Ancaq sonradan təkrar Məhkəmə-Psixatrik Ekspertizası təyin edilib. Bakı şəhər prokurorunun təqdimatına əsasən Səbail Rayon Məhkəməsi təqsirləndirilən şəxsin tibb müəssisəsinə yerləşdirilməsi barədə qərar qəbul edib. V.Səmədov istintaqdan gizləndiyi üçün ekspertiza keçirilməsi mümkün olmadığından onun barəsində axtarış elan edilib. 2015-ci ilin avqust ayında V.Səmədov istintaqa könüllü gəldiyindən cinayət işi üzrə icraat təzələnib.

Ötən ilin may ayının 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səmədov məhkəmə zalından azadlığa buraxılıb. Buna səbəb isə cinayətin üstündən 19 il keçməsi göstərilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya prostesti və zərərçəkmiş apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi