Yuxarı

Bakıda tanışını döyərək öldürməkdə təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb

Qərardan narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib

Bakı. 14 yanvar. REPORT.AZ/ Nizami Rayon Məhkəməsində tanışını döyərək öldürməkdə təqsirləndirilən Ehtiram Şərifovun məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi barədə verdiyi müraciətə baxılıb.

"Report"un məlumatına görə, məhkəmə onun müraciətini təmin edib.

Belə ki, məhkəmə E.Şərifovun məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi barədə qərar çıxarıb.

Qərardan narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, 2011-ci il martın 9-da Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində ölüm hadisəsi baş verib. Qəsəbə sakini Şeydulla Nəcəfov alkoqol zəhərlənməsi və kəllə-beyin travması ilə 2 saylı Əfəndiyev adına Bakı şəhər xəstəxanasına daxil olub.

Araşdırma zamanı müəyyən olunub ki, martın 8-də Şüvəlan qəsəbəsində yerləşən parkın yaxınlığında qəsəbə sakini E.Şərifov mübahisə zəminində Ş.Nəcəfovu sifət nahiyəsindən vurub, sonuncu yerə yıxılaraq xəsarət alıb. Nəticədə Ş.Nəcəfov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən E.Şərifov martın 13-də tutulub. Daha sonra cinayət işində digər şübhəli bilinən Əli Quliyev də saxlanılıb.

E.Şərifov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və Ə.Quliyev isə 307.1-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) maddələri ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Şərifov 8 il müddətinə azadlıqdan məhrum edilib. Ə.Quliyev isə məhkəmənin hökmü ilə 8 ay müddətinə islah işləri cəzasına məhkum olunub. Hökmdən narazı qalan Baş Prokurorluq təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmaları ilə bağlı apellyasiya protesti verib. Hər iki şəxs isə cəzalarının yüngülləşdirilmələri ilə bağlı apellyasiya şikayətləri ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə apellyasiya protestini və apellyasiya şikayətini təmin etməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi