​Bakıda tanınmış həkimin evindən oğurluq edən qohumların apellyasiya şikayətlərinə baxılıb

​Bakıda tanınmış həkimin evindən oğurluq edən qohumların apellyasiya şikayətlərinə baxılıb Hökm dəyişdirilmədən saxlanılıb
Hadisə
26 Yanvar , 2016 09:37
​Bakıda tanınmış həkimin evindən oğurluq edən qohumların apellyasiya şikayətlərinə baxılıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Astara rayon sakini Elvin Əliyev və əmisi oğlu Anar Əliyev barələrindəki hökmdən verdikləri apellyasiya şikayətləri üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökm dəyişdirilmədən saxlanılıb. E.Əliyev və A.Əliyevin apellyasiya şikayətləri təmin edilməyib.

Qeyd edək ki, 2015-ci ilin aprel ayında Xətai Rayon Polis İdarəsi (RPİ) 37-ci Polis Bölməsi (PB), Lənkəran Şəhər Rayon Polis Şöbəsi (ŞRPŞ) və Astara Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində yanvarın 31-də Xətai rayonu ərazisində yaşayan Mircəlal Kazıminin mənzilindən 3000 manat və 7500 ABŞ dolları oğurlamış Astara rayon sakini Elvin Əliyev və Anar Əliyev tutulub. Araşdırmalar zamanı evdən oğurlanmış qızıl əşyaların Lənkəran şəhər sakini Füzuli Zeynalova satılması müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə F.Zeynalov da tutulub. E.Əliyev və A.Əliyev Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunublar.

Evindən oğurluq edilən 1977-ci il təvəllüdlü Kazımi Mircəlal Mirkazım oğlu tanınmış cərrah transplantoloqdur. O, Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiridir.

Həmin il noyabr ayının 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hər iki təqsirləndirilən şəxs 9 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan E.Əliyev və A.Əliyev apellyasiya şikayətləri ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər.

Son xəbərlər

Orphus sistemi