Yuxarı

Bakıda tanıdıqları şəxsi soyundurub videosunu çəkərək hədələyən şəxslərin məhkəməsində polis əməkdaşları dindiriliblər

Bakıda tanıdıqları şəxsi soyundurub videosunu çəkərək hədələyən şəxslərin məhkəməsində polis əməkdaşları dindiriliblər

Bakı. 21 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Zeynal Hüseynov, Rəşad Sultanov, Həsənbala Həsənov və Dəyanət Abdullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşı, polis mayoru Hətəm Əliyev ifadə verib.

O bildirib ki, təqsirləndirilən şəxslərin saxlanılması üçün keçirilən əməliyyata rəhbərlik edib.

H.Əliyev qeyd edib ki, Toğrul adlı şəxs idarəyə yaxınlaşaraq 4 nəfərin onu lüt soyunduraraq döydüklərini və pul tələb etdiklərini söyləyib: "Biz bunu rəhbərliyə məruzə etdik və əməliyyat qrupu yaradıldı. Toğrula 400 dollar verdik və növbəti dəfə qrupun üzvləri ilə görüşməsini istədik. Onlar arasında növbəti görüş təyin edildi. Toğrul kafedə onlarla görüşən zaman bizə mesaj yazdı ki, artıq gəliblər. Pulu onlara verəndən sonra biz əməliyyat keçirdik. Özümüzü təqdim etdik və üzərlərində olanları bizə təqdim etmələrini istədik. Pulu öz aralarında bölmüşdülər. Üzərlərinə baxış zamanı bizim Toğrula təqdim etdiyimiz 400 dollar aşkar edildi. Həsənbala və Rəşadın hər birində 100 dollar, Zeynalda isə 200 dollar var idi. Hal şahidlərinin iştirakı ilə protokol tərtib edildi. Toğrul şikayətində qeyd edib ki, qruplaşma üzvləri onu rüsvay edəcəyi ilə bağlı hədələyib və yaşadıqları Yasamal rayonu ərazisində biabır edəcəklərini deyiblər. Orada da onu videoya çəkmişdilər. Həmin görüntü cinayət işinin materiallarında var".

Təqsirləndirilən D.Abdullayev deyilənlərlə razılaşmayıb. O vurğulayıb ki, qruplaşma ilə heç bir əlaqəsi olmayıb və əməliyyatda da orada olmayıb.

H.Əliyev deyib ki, Toğrul adlı şəxsi döyüb soyundurarkən onu videoya alan şəxs D.Abdullayev olub.

Digər təqsirləndirilən şəxslər də şahidin dedikləri ilə razılaşmayıblar.

Məhkəmə iclasında əməliyyatda iştirak edən polis əməkdaşları Emin Səfərov və Fərid Kazımov da ifadə verib. Onlar digər polis əməkdaşı kimi eyni məzmunlu ifadə veriblər.

Bu zaman yenə də şahidlər təqsirləndirilən şəxslər arasında mübahisə yaranıb.

Məhkəmə iclasında zərərçəkmiş şəxs iştirak etməyib.

Məhkəmənin növbəti iclası sentyabrın 28-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.

Həmin şəxslər Bakıda tanıdıqları şəxsi soyundurub döyərək şəxsiyyətini alçatmaqda və daha sonra ondan pul tələb etməkdə təqsirli bilinirlər.

Məlum olub ki, Zeynal Hüseynov, Rəşad Sultanov, Həsənbala Həsənov və Dəyanət Abdullayev zərərçəkmişi soyundurduqdan sonra onun telefonla çəkərək görüntüləri özlərində saxlayıblar. Daha sonra həmin görüntülərlə zərərçəkmiş şantaj edərək dəfələrlə ondan pul tələb ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi