Bakıda "Son zəng" hazırlıqları: "Adam var 400 manatlıq hədiyyə alır" - FOTOLAR

Bakıda "Son zəng" hazırlıqları: "Adam var 400 manatlıq hədiyyə alır" - FOTOLAR Sabah Azərbaycanın ümumtəhsil məktəblərində tədris ilinin “Son zəng”i çalınacaq. Ölkənin ümumtəhsil müəssisələrinin XI sinfini 82 782 şagird bitirəcək.
Hadisə
13 İyun , 2019 15:38
Bakıda Son zəng hazırlıqları: Adam var 400 manatlıq hədiyyə alır - FOTOLAR
Report

Sabah Azərbaycanın ümumtəhsil məktəblərində tədris ilinin “Son zəng”i çalınacaq. Ölkənin ümumtəhsil müəssisələrinin XI sinfini 82 782 şagird bitirəcək.

Sabahkı günlə əlaqədar Bakıdakı hədiyyə, gül, kitab mağazalarında canlanma müşahidə olunur. “Report”un əməkdaşları qiymətləri, alıcılıq qabiliyyətini və digər detalları öyrənmək üçün metronun “28 May” stansiyası yaxınlığındakı mağazalara üz tutub.

İlk qarşımıza çıxan mağazada məzun lentlərinin qiymətləri ilə maraqlanırıq.

Satıcı bildirir ki, rəngindən, formasından asılı olmayaraq lentlərin hamısı 80 qəpikdir: “Əgər çox alsanız, qiymətə endirim etmək olar”.

Həmin mağazanın yaxınlığında hədiyyələr dükanı da var. Alıcılarla dolu olan dükanda kimi helium şarlarının, kimi isə hədiyyə oyuncaqlarının qiymətlərini soruşur.

Satıcı bildirir ki, məzunlar daha çox hədiyyə oyuncaqlarla maraqlanırlar: "Onların da qiyməti 5 - 400 manat arasında dəyişir. Alıcılıq qabiliyyəti yüksəkdir. İmkanı nisbətən zəif olanlar 30 - 40 manat arasında hədiyyə seçir. Elə adam var ki, 400 manata gücü çatır və o qiymətə də hədiyyə alır. Yəni bütün müştərilərin cibinə uyğun qiymətlərdir. Hər il bir çox məktəblərdən sifarişlər alırıq. Onlar, adətən, şarlar, lentlər istəyirlər. Adi helium şarlarının qiyməti həmişəki kimi 80 qəpikdir.”

Ətrafdakı gül mağazasının önündə ayaq saxlayırıq.

Satıcı xanım bildirir ki, müştərilər çoxdur: “Hər il olduğu kimi, bu il də “Son zəng” vaxtı güllərə tələbat yüksəkdir. Qiymətləri isə müxtəlifdir, 5-100 manat arasında hər qiymətə gül almaq olar. İndi ən çox dibçək gülləri və qarışıq bəzədilmiş buketlər alırlar. Elə alıcı var ki, imkanı yaxşıdır. Təbii ki, onlar daha bahalı buket alırlar. Gül onsuz da gözəldir. Bahalı, ya ucuz, nə fərqi var, kimə gül versəniz, sevinər”.

Alıcılardan biri deyir ki, sabah üçün güllərin qiyməti ilə maraqlanır: “Qızım XI sinfi bitirir. İndi qiymətlərini soruşuram. Büdcəmə uyğun olanı alacağam”.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015-ci ildən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Son xəbərlər

Orphus sistemi