Bakıda sintezator ifaçısını bıçaqlayan müğənni məhkəmədə ifadə verib

Bakıda sintezator ifaçısını bıçaqlayan müğənni məhkəmədə ifadə verib Bakı. 29 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Əfsər İsmayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
29 İyun , 2018 11:58
Bakıda sintezator ifaçısını bıçaqlayan müğənni məhkəmədə ifadə verib

Bakı. 29 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Əfsər İsmayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə Ə.İsmayılov özünü təqsirli bilmədiyini deyib. O sərbəst ifadəsində söyləyib ki, Nəsimi rayonu ərazisində yerləşən "Nar" kafesində zərərçəkmiş Asif İbadovla bir yerdə çalışıb: "Mən müğənni idim, Asif sintizatorda ifa edirdi. Daha əvvəl onunla "Pərvin" kafesində "aparatura"nın üstündə mübahisəmiz düşmüşdü, münasibətlərimiz yaxşı deyildi. O. "Nar" kafesində əvvəl orada müğənni kimi çalışan qızların ifa etməsini istəyirdi. Mənim də öz müştərilərim var idi. İmkan vermirdi ki, əvvəl mən mahnı oxuyum".

Ə.İsmayılov dindirilən zaman deyib ki, daha əvvəl ruhi xəstəliyi olduğu üçün "dəlixana"da yatıb, müalicə alıb: "Kafedə Asiflə mübahisələrimiz davam edirdi. Sonra çölə çıxanda Asif məni çiynimin arxasından bıçaqla vurdu, yerə yıxıldım. Qalxanda isə sol gözümdən yumruqla zərbə endirdi. Mən də onu bıçaqlayıb bacımgilə getdim. Asifi qorxduğum üçün vurdum. Bacımgil evə həkim çağırdı. Asifi bıçaqlayanda Əhməd orada idi. Kürəyimdə də çapıq var".

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə barədə polisə məlumat verməyib və bir ay Bakıda qalıb xarici pasport çıxarıb: "Qardaşım Rusiyada yaşayırdı. Dedi ki, "gəl bura müalicə olun". Mən də Rusiyaya getdim. Orada bir müddət qalandan sonra yenidən Bakıya qayıtdım. Hava limanında isə polislər tərəfindən saxlanıldım".

Qeyd edək ki, hadisə 2016-cı ilin iyun ayının 21-də Bakı şəhəri, Nəsimi rayonu Moskva prospekti ərazisində yerləşən "Nar" kafesinin yanında 66 saylı binanın yaxınlığında baş verib. O, tanışı Asif İbadovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Daha sonra Ə.İsmayılov hadisə yerindən qaçaraq istintaqdan yayınıb.

Fakt üzrə Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Bu il yanvarın 25-də Ə.İsmayılov Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxnılıb və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.

Hadisəyə səbəb isə Ə.İsmayılov mahnı ifa edərkən A.İbadovun onu sintezatorda düzgün müşayət etməməsi olub.

Ə.İsmayılov kafe və restoranlarda müğənni kimi fəaliyyət göstərib.

Son xəbərlər

Orphus sistemi