Bakı. 27 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Sergey Vorobyovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Viktor Çikonov dindirilib.
Məhkəmədə məlum olub ki, şahid hazırda inzibati həbsdədir.
V.Çikonov bildirib ki, sevgilisi olmuş Yulya ilə qətlə yetirilən qadının evinə qonaq gedib: "Yeyib-içmişik, sonra da evə qayıtmışıq".
Daha sonra məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror çıxış üçün vaxt istəyib.
Məhkəmənin növbəti noyabrın 2-nə təyin edilib.
Qeyd edək ki, iyunun 3-də Xətai rayonu ərazisində yaşayan Sergey Vorobyovun evində bıçaqla qətlə yetirilmiş 30-35 yaşlı qadın meyiti tapılıb.
Araşdırmalar zamanı həmin qadının mayın 31-də S.Vorobyova bıçaqla yüngül xəsarət yetirməsi, S.Vorobyovun isə bıçaqla onu qətlə yetirməsi müəyyən edilib.
Xətai Rayon Polis İdarəsinin (RPİ) 37-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Vorobyov tutulub.
Araşdırmalar zamanı həmin qadının adının Arzu olduğu bildirilsə də, onun şəxsiyyətini tam müəyyənləşdirmək alınmayıb.
Bildirilib ki, S.Vorobyov həmin qadınla mayın əvvəlində şəhərin mərkəzindəki barlardan birində tanış olublar. Həmin vaxtdan sonra onlar S.Vorobyovla NZS-dəki evində yaşamağa başlayıblar. S.Vorobyov deyib ki, qadın özünü ona Arzu adı ilə təqdim edib və Türkmənistandan doğulduğunu, atasının Sumqayıtda yaşadığını, 15 il əvvəl ailə qurduğunu, uğursuz olan bu izdivacdan 12-13 yaşlı oğlunun olduğunu deyib. Subay olan və tək yaşayan S.Vorobyov öldürdüyü qadınla bağlı başqa informasiyaya malik olmadığını vurğulayıb.
Hadisənin necə baş verdiyinə gəlincə, tək və sərbəst həyat tərzi sürən S.Vorobyovla bir aya yaxın eyni evdə yaşayan həmin qadın onun sonrakı rəftarlarından narazı qalıb və cütlük arasında qısqanclıq münaqişələri yaranıb. Mayın 31-də onlar arasında dava-dalaş olub və həmin qadın S.Vorobyova bıçaqla hücum edib. Sevgilisinin əlindən bıçağı alan 42 yaşlı S.Vorobyov bir bıçaq zərbəsi ilə onu öldürüb. Qadının meyiti isə evdən iyunun 3-də tapılıb. S.Vorabyov ilkin ifadəsində qadının yıxılaraq xəsarət alması və boynunun sınması nəticəsində öldüyünü desə də, sonradan yalan danışdığı üzə çıxıb.
Məlum olub ki, Arzu adlı qadın İlahə Şahbazovadır.