Yuxarı

​Bakıda sevgililərini şantaj edən şəxsə hökm oxunub

O, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Bakı. 10 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki sevgilisi ilə intim münasibətdə olduqdan sonra onları şantaj etməkdə təqsirləndirilən 29 yaşlı Anar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə A.Məmmədova hökm oxunub.

Beləliklə, A.Məmmədov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, A.Məmmədov 2014-cü ildə iki qadınla eyni vaxtda sevgili olub. Tanış olduğu Günel adlı qızla bir evdə yaşayıb, həmçinin Türkanə adlı qadınla da münasibətləri yaxın olub. A.Məmmədov bu qadınlarla bir neçə dəfə cinsi əlaqədə olub və bunu mobil telefonun kamerası ilə çəkib. Daha sonra isə həmin videoları yayacağı ilə hədələyərək sevgililərindən 3 min manata yaxın pul alıb.

Məlum olub ki, şantaj etdiyi vaxt A.Məmmədov sevgililərindən birini - Türkanəni döyüb.

Qeyd edək ki, Anar Məmmədova Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddələri ilə cinayət işi açılıb.

A.Məmmədov istintaqa ifadəsində qızlardan borc pul aldığını deyib.

O, məhkəmədə özünü təqsirli bilib. Sevgililərinə dəyən maddi ziyanı isə ödəyib.

Daha əvvəl A.Məmmədov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilərək Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 600 manat cərimə olunub. O da məlum olub ki, A.Məmmədov rayon məhkəməsinin qərarını bu günə kimi icra etməyib.

Dövlət ittihamçısı A.Məmmədovun 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə cərimə olunduğu 600 manatı ödəməsini istəyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi