Bakıda şəhid qızını avtomobillə vuraraq öldürən iş adamının oğlunun məhkəməsi başlayıb

Bakıda şəhid qızını avtomobillə vuraraq öldürən iş adamının oğlunun məhkəməsi başlayıb Məhkəmənin növbəti iclası yanvarın 30-na təyin edilib
Hadisə
23 Yanvar , 2018 14:54
Bakıda şəhid qızını avtomobillə vuraraq öldürən iş adamının oğlunun məhkəməsi başlayıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqisrləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

R.Rəhimov qəza törədən ərəfədə Bakı Dövlət Universitetində təhsil aldığını bildirib.

Daha sonra təqsirləndirilən şəxsin vəkilləri qeyd edib ki, R.Rəhimovun atası, onun qanuni nümayəndəsi Akif Rəhimov səhhəti ilə əlaqədar olaraq, məhkəmədə iştirak etmir. Müdafiəçilər iclasın təxirə salınmasını istəyib.

Məhkəmənin növbəti iclası yanvarın 30-na təyin edilib.

Qeyd edək ki, Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsi ötən il noyabrın 8-də Səbail rayonunda baş vermiş qəza ilə bağlı yaydığı məlumata əsasən, Səbail rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Belə ki, noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurması, sonuncunun aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi və sürücünün hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisə vaxtı qeyd edilən avtomobilin sürücülük hüququ olmayan, yetkinlik yaşına çatmayan - 2000-ci il təvəllüdlü Rəhim Rəhimov tərəfindən idarə edilməsi müəyyən edildiyindən cinayət işi Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif edilib, R.Rəhimov noyabrın 29-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib. O, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, qəzanı törədən 17 yaşlı R.Rəhimov iş adamı, “Xırdalan Xəz” ASC-nin rəhbəri Akif Rəhimovun oğludur. A.Rəhimov isə “Yeganə” şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır.

Qəzada ölən K.Ələkbərova isə şəhid Elton Ələkbərovun qızıdır.

Son xəbərlər

Orphus sistemi