Yuxarı

Bakıda saxta dollar satmaqda təqsirləndirilən şəxslərin məhkəməsi təxirə salınıb

Məhkəmə prosesi oktyabrın 10-da davam etdiriləcək

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində saxta dollar satmaqda təqsirləndirilən Ümin Abışov, Əli Rüstəmov və Vüqar Abbasovun cinayət işi üzrə bu gün keçirilməli olan məhkəmə prosesi təxirə salınıb. 

"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahidlərin məhkəyə gəlmədiyi elan olunub.

Məhkəmə prosesi oktyabrın 10-da davam etdiriləcək. 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinə daxil olmuş məlumat əsasında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayon sakini E.Abuşov 796 ədəd 100 dollarlıq saxta əsginası 49 min manata satmaq istəyərkən saxlanılıb.

Aparılmış tədbirlərlə ona saxta əsginasların Bakı şəhər sakini V.Abbasov və Gürcüstan vətəndaşı Ə.Rüstəmov tərəfindən verilməsi müəyyən edilib və hər iki şəxs polis əməkdaşları tərəfindən tutulub. Baxış zamanı Ə.Rüstəmovun üzərindən 2 ədəd, V.Abbasovdan isə 10 ədəd 100 dollarlıq saxta əsginas götürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi