Bakıda sabiq məmurun güllələnməsini sifariş verməkdə təqsirləndirilən qadın və digərlərinin məhkəməsi başlayıb

Bakıda sabiq məmurun güllələnməsini sifariş verməkdə təqsirləndirilən qadın və digərlərinin məhkəməsi başlayıb Dövlət ittihamçısı məhkəmədən vaxt istəyib
Hadisə
16 Dekabr , 2016 15:36
Bakıda sabiq məmurun güllələnməsini sifariş verməkdə təqsirləndirilən qadın və digərlərinin məhkəməsi başlayıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq məmurun güllələnməsini sifariş verməkdə təqsirləndirilən Günel Süleymanov, Rasim Süleymanov, Ramin Həsənov, Əlikubar Kübarov və Ramil Hüseynlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Dövlət ittihamçısı cinayət işi ilə tanış ola bilmədiyini deyərək məhkəmədən vaxt istəyib.

Məhkəmənin hazırlıq iclası dekabrın 21-də davam etdiriləcək.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində aprelin 11-də paytaxtın Binəqədi rayonu ərazisində Bərdə Rayon İcra Hakimiyyətinin sabiq işçisi Hüseyn Qasımovun istiqamətində avtomat silahdan atəş açmaqla xəsarət yetirmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Hüseynli tutulub. Onun Binəqədi rayonu ərazisində kirayədə yaşadığı evdən “AKM” markalı silah, 22 ədəd patron və patron darağı aşkar edilərək götürülüb.

Ətrafında aparılməş tədbirlərlə R.Hüseynlinin həmin cinayəti paytaxt sakini G.Süleymanovanın sifarişi ilə törətməsi, habelə açdığı atəş nəticəsində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin mühafizə otağının pəncərə şüşəsinə və Bakı şəhər sakini Xəzər Cəfərzadəyə məxsus “Niva” markalı avtomobilə ziyan dəyməsi də müəyyən edilib.

Həyata keçirilmiş tədbirlərlə G.Süleymanova, R.Süleymanov, R.Həsənov, Ə.Kübarov da tutulub. 

Xatırladaq ki, R.Hüseynli əvvəllər adam oğurluğuna görə 12 il həbsxanada yatıb.

Son xəbərlər

Orphus sistemi