Bakı. 26 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda və qaçaqmalçılıqda təqsirləndirilən Aman Muhamməd Baylyyev, Neman Abbasov, Adil Kazımov, Aytəkin Tağıyeva, Muxtar Qasımov və Ziyafət Qurbanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Report"un məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Baylyyev məhkəmə zalından azadlığa buraxılıb. Onun barəsində 1 il sınaq müddəti təyin edilib və Türkmənistan vətəndaşı 6 il şərti cəzaya məhkum edilib. N.Abbasov 9 il müddətinə azadlıqdan məhrum olunub.
Zamində olan digər şəxslər - A.Kazımov və M.Qasımov isə məhkəmə zalında həbs ediliblər. Onların hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. A.Tağıyeva və Z.Qurbanov isə şərti cəzaya məhkum olunublar. Belə ki, məhkəmə onların hər birinə 6 il şərti cəza təyin edib.
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında A.Baylyyevin 7 il, N.Abbasovun 12 il, A.Kazımovla M.Qasımovun hər birinin 11 il, Z.Qurbanovun 8 il və A.Tağıyevanın isə 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, təqsirləndirilən şəxslərdən biri - A.Baylyyev Türkmənistan vətəndaşı, 5-i - N.Abbasov, A.Kazımov, A.Tağıyeva, M.Qasımov və Z.Qurbanova isə Azərbaycan vətəndaşıdırlar. Azərbaycan vətəndaşalarının 4-ü Dövlət Gömrük Komitəsinin (DGK) sabiq əməkdaşlarıdır. Z.Qurbanova isə “Moskva univermağı”nda qızıl satışı ilə məşğul olur.
Təqsirləndirilən 6 nəfərdən 2-si - A.Baylyyev və N.Abbasovun barəsində həbs qətimkan tədbiri seçilib. Digər 4 nəfər isə - A.Kazımov, A.Tağıyeva M.Qasımov və Z.Qurbanova zamindədirlər. Həmin şəxslər Azərbaycandan Türkmənistana qanunsuz yollarla külli miqdarda qızıl-zinət əşyalarının keçirilməsində təqsirli bilinirlər.
Onlar Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham olunublar.