Yuxarı

Bakıda restoranda baş verən silahlı insidentə görə həbs edilən şəxslərin məhkəməsində zərərçəkmiş dindirilib

Bakıda restoranda baş verən silahlı insidentə görə həbs edilən şəxslərin məhkəməsində zərərçəkmiş dindirilib
Məhkəmənin növbəti iclası oktyabrın 2-nə təyin edilib

Bakı. 25 sentyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində Badamdar qəsəbəsindəki “Bulaq” restoranında baş verən silahlı insidentdə təqsirləndirilən Bəhruz Rəfiyev, Fuad Əsgərov, Tofiq Qaramizadə, Müzəffər Cəfərov, Araz Vəliyev, Murtuza Tağıyev, Süleyman Abdullayev və Hüseyn Hüseynovun cinayət işi üzrə məhkəmənin növbəti iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərrçəkmiş qismində Əsədağa Qurbanov ifadə verib.

O dindirilərkən bildirib ki, hadisənin baş verdiyi “Bulaq” restoranının icarədarı olub: "Həmin gün xəstə idim, obyektə gec gəlmişdim. Restorana çatandan 10 dəqiqə sonra ofsiantlar 3-cü otaqda hadisə baş verdiyini dedilər. Mən həmin zaman hadisənin necə baş verdiyini görməmişəm. Nə də kimsədə silahın olmasına şahidlik etməmişəm. Hadisədən sonra restorana polis əməkdaşları gəlib, araşdırma apardı".

Ə.Qurbanov təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını söyləyib.

Məhkəmənin növbəti iclası oktyabrın 2-nə təyin edilib.

Qeyd edək ki, cinayət hadisəsi ötən il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş verib. Hadisə zamanı F.Əsgərov və B.Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı S.Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri T.Qaramizadə, H.Hüseynov, B.Rəfiyev və digər şəxslər tutulub.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi