Bakı. 28 fevral.
"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Tofiq Qaramizədə 7 il, Samir Allahyarov 10 il, Fuad Əsgərov 8 il, Bəhruz Rəfiyev 4 il, Süleyman Abdullayev 3 il, Müzəffər Cəfərov 4 il, Hüseyn Hüseynov 4 il 6 ay, Murtuza Tağıyev 3 il və Araz Vəliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.
Prokuror çıxışında Tofiq Qaramizadənin 12 il, Fuad Əsgərovun 15 il 6 ay, Bəhruz Rəfiyevin 13 il, Müzəffər Cəfərovun 7 il 9 ay, Samir Allahyarovun 18 il, Süleyman Abdullayevin 15 il, Araz Vəliyev, Murtuza Tağıyev və Hüseyn Hüseynovun isə hər birinin 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, hadisə ötən il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş verib. Hadisə zamanı F.Əsgərov və B.Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı S.Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri T.Qaramizadə, H.Hüseynov, B.Rəfiyev və digər şəxslər tutulub.
Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
