Bakıda restoran sahibindən hədə-qorxu ilə pul almaqda təqsirləndirilən şəxslərin məhkəməsində polis əməkdaşı dindirilib

Bakıda restoran sahibindən hədə-qorxu ilə pul almaqda təqsirləndirilən şəxslərin məhkəməsində polis əməkdaşı dindirilib Bakı. 20 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində millitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın əməkdaşları - Elmira Məmmədova, Natavan Mehdiyeva və Yeganə Əhmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
20 İyun , 2018 13:03
Bakıda restoran sahibindən hədə-qorxu ilə pul almaqda təqsirləndirilən şəxslərin məhkəməsində polis əməkdaşı dindirilib

Bakı. 20 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində millitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın əməkdaşları - Elmira Məmmədova, Natavan Mehdiyeva və Yeganə Əhmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşı Şahlar Cəfərov ifadə verib.

O deyib ki, vətəndaş Şirin Abdullayevin şikayəti əsasında əməliyyat tədbiri keçirilib və həmin əməliyyata rəhbərlik edib: "Şirin Abdullayev bir qrup jurnalistin ondan hədə-qorxu ilə pul tələb etdiyini dedi. Biz onların "Qəbələ" restoranında görüşəcəyini bildik. İki nəfər həmin restorana getdik. Onlar bir masada əyləşib, yemək yeyirdilər. Biz də kənarda əyləşib onları izlədik. Pulu verən zaman da onlara yaxınlaşıb, özümüzü təqdim etdik. Həmin zaman hal şahidlərinin iştirakı ilə baxış keçirib. Onları Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə apardıq. Sonra vəkillər dəvət edildi".

Ş.Cəfərov söyləyib ki, zərərçəkmiş təqsirləndirilən şəxslərin ondan bir neçə dəfə pul aldığını, sonuncu dəfə isə 3 min manat verdiyini bildirib: "Həmin şəxslər Şirin Abdullayevdən sonuncu dəfə 5 min istəyiblər, o isə 3 min manat verib. Hələ jurnalistlərin səs yazıları da var. Onlar pul bölgüsü aparırdılar. Yeganə deyirdi ki, "tədbir mənimdir, başqası niyə almalıdır?" Həmin söhbət yəqin ki, protokollarda da var".

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı millitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın əməkdaşları Elmira Məmmədova, Natəvan Mehdiyeva və Yeganə Əhmədova Binəqədi rayonunda yerləşən restoranda Şirin Abdullayev adlı vətəndaşdan barəsində rüsvayedici məlumatlar yaymamaq üçün 3 min manat pul alan zaman saxlanılıblar.

Onların barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbiri seçilməyib.

Son xəbərlər

Orphus sistemi