Bakıda rəfiqəsinə qarşı dələduzluq edən qadının şikayəti əsasında məhkəmə başlayıb

Bakıda rəfiqəsinə qarşı dələduzluq edən qadının şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin növbəti iclası martın 27-nə təyin edilib
Hadisə
20 Mart , 2018 14:32
Bakıda rəfiqəsinə qarşı dələduzluq edən qadının şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 20 mart. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahilə Atamovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

"Report"un xəbərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası martın 27-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, altı il öncə Xətai rayonunda yaşayan Zəfər Quliyevin mənzilindən 75 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Oğurluq faktı ilə bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb. Hadisədən 5 il sonra - 2016-cı ilin avqust ayında oğurluqda şübhəli bilinən ev sahibinin arvadı Elnurə Quliyeva və onun tanışı S.Atamova saxlanılaraq Xətai Rayon Polis İdarəsinə təhvil verilib.

Məlum olub ki, sözügedən oğurluq hadisəsi ev sahibəsinin öz razılığı ilə həyata keçirilib.

İstintaqla müəyyən edilib ki, S.Atamova rəfiqəsi E.Əhmədovaya doğmalarının öləcəyini, baş verəcək bədbəxtlikdən “xram” adlanan ruha onları qoruyacağını xahiş edəcəyini inandırmaqla külli miqdarda pulu ələ keçirib.

Oğurluq hadisəsinə gəlincə isə S.Atamova mənzildəki qızıl-zinət əşyalarını verməyəcəyi təqdirdə, bədbəxtliyin qaçılmaz olduğunu bildirib. Nəticədə E.Əhmədovanın etibarından sui-istifadə etməklə istintaqa məlum olmayan şəxslə əlbir olaraq Z.Quliyevə məxsus Bakı şəhəri, S.Orucov küçəsi, 1184 ünvanındakı mənzildən 110 min manatlıq qızıl-zinət əşyalarını aparıb. Amma bununla da kifayətlənməyib. İş o yerə çatıb ki, E.Əhmədova hətta bacısına məxsus mənzili belə sataraq pulları rəfiqəsinə verib.

Təqsirləndirilən şəxs qismində dindirilən S.Atamova ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində E.Əhmədovanı 2001-ci ildən tanıdığını, həyat yoldaşının dostunun arvadı olduğunu, bir-birilərinin evinə gedib-gəldiklərini göstərib: “Namaz qılırdım, Elnurəni də öyrətmişdim. Bir yerdə Həcc ziyarətinə getmişdik. Pula ehtiyacım olduğundan müxtəlif vaxtlarda Elnurədən pul almışam. Elnurə müalicə xərclərimin ödənilməsinə köməklik edirdi”.

S.Atamova ona vergi verilməsini, səslərin gəlməsini, “xram”ın olması barədə deyilənləri cəfəngiyyat adlandırıb.

Zərərçəkmiş Z.Quliyev ifadəsində göstərib ki, baş vermiş oğurluqla bağlı həyat yoldaşının ona “açar qapının üstündə qalıbmış” deməsinə inanıb. Hadisədən beş il sonra cütlük rəsmi qaydada ayrılıb. E.Əhmədova keçmiş həyat yoldaşına hər şeyi etiraf edib: “Sahilə Elnurəyə deyib ki, qapını açıq qoyub getsin, onlar gəlib evi dağıdacaqlar, sonra “xram” özü hər şeyi həll edəcək. Deyirmiş ki, pul verməsən, qaynanan, ərin öləcək. Bu yolla da Elnurədən külli miqdarda pul qoparıb. Sahilə, təxminən, 130-140 min manat əmlakımızı ələ keçirib”.

Bundan başqa, S.Atamova sosial şəbəkədə tanış olduğu Tural Həsənova qarşı da dələduzluq edib. Belə ki, T.Həsənov üç-dörd il öncə “Facebook” sosial şəbəkəsində Günay Həsənova adlı şəxslə yazışmağa başlayıb. 2015-ci ilin aprel ayında bir-iki dəfə görüşüb söhbət ediblər, bulvarda gəzişiblər. S.Atamova uşağının xəstə olduğunu bildirərək ondan 14 min dollar pul alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Atamova 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum və zərərçəkmiş apellyasiya şikayəti veriblər.

Son xəbərlər

Orphus sistemi