Yuxarı

Bakıda “Range Rover”lə qəza törədib iki nəfərin ölümünə səbəb olan polis əməkdaşı məhkəmədə ifadə verib

Bakıda “Range Rover”lə qəza törədən polis məhkəmədə ifadə verib

Bakı. 23 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report" xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Sabir Abdinov ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə X.Məmmədov özünü təqsirli bilmədiyini söyləyib.

O, sərbəst ifadəsində deyib ki, hadisə zamanı avtomobili idarə edərkən sürət həddini aşmayıb: "Nə də ki, qəzadan sonra oradan qaçmamışam".

X.Məmmədov hadisə haqqında danışarkən həmin günü işdən çıxıb, evə getdiyini qeyd edib: "Yolda qarşıdan gələn "Mercedes" markalı avtomobil qəfildən mənim yoluma çıxdı və maşınımı vurdu. Öz maşınımı saxlamaq imkanım yox idi, məni yolumdan vurub çıxardı. Sonra avtomobilim dərəyə düşdü. Bu zaman avtomobilim yanırdı, içərisindən özümü güclə çıxardım, dərhal da təcili tibbi yardıma zəng elədim. Digər maşında olan rəhmətliklərin meyitlərini çıxardım. Sonra polisə zəng elədim və hadisə barədə məlumat verdim. Səhər saat 4-ə kimi Abşeron Rayon Polis İdarəsində olmuşam".

Təqsirləndirilən şəxs ifadəsinin davamında Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsi rəisinin onunla şəxsi qərəzlik apardığını iddia edib: "Binəqədi rayon istintaqının rəisi Həsrət müəllim mənimlə prinsipə düşdü. Ona görə də işi belə qurublar. Həsrət müəllim otağında mənə dedi ki, "sənə köməklik etmək istəyirik, amma bilmirik necə edək". Mən də günahsız olduğumu dedim. O isə hadisə yerindən qaçdığımı bildirdi. Dedim ki, "əgər qaçmışamsa, görüntüyə baxın". Sürət həddi 60-70 olub, avtomobilimi yüksək sürətlə idarə etməmişəm. Şahidlər var, onlar da təsdiq edə bilər. O isə cavabında qeyd etdi ki, "şahidlərə fikir verən yoxdur, istəsəm yalançı şahidlər də gətirə bilərəm". O, mənim bahalı maşın aldığımı, Polis Akademiyasında oxuduğumu söylədi. Mən Binəqədi rayonunda yanan binada uşaqları xilas etdiyim üçün cənab nazirimiz məni Polis Akademiyasında oxumağa göndərmişdi. Mən ona akademiyaya pul verib, getmədiyimi bildirdim".

Məhkəmənin növbəti iclası yanvarın 30-na təyin edilib.

Qeyd edək ki, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini - Orxan Orucov ilə Rahib Əliyev hadisə yerində ölüb.

Məlum olub ki, qəza baş verən zaman “Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi