Yuxarı

Bakıda “Range Rover”lə qəza törədən polis əməkdaşının məhkəməsində müstəntiq ifadə verib

​Bakıda “Range Rover”lə qəza törədən polis əməkdaşının məhkəməsi

Bakı. 6 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report" xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hal şahidi Ceyhun Məmmədov ifadə verib.

O bildirib ki, hadisə zamanı bir avtomobil yanıb, digəri isə əzilib: "Orada olanda bir nəfərin də rəhmətə getdiyini gördüm. Şahid kimi protokola qol çəkməyimi istədilər, mən də razı oldum".

Daha sonra X.Məmmədovun vəkili Əli Hüseynov söyləyib ki, hal şahidinin şəxsiyyət vəsiqəsinin müddəti bitib və hadisədən əvvəl də müddəti bitən vəsiqə ilə şahidlik edib: "Onun kimliyi müəyyənləşdirilib. Bu da qanunsuzdur".

Şahid isə deyib ki, vaxtı olmadığı üçün vəsiqəsini dəyişməyib.

Məhkəmədə məlum olub ki, hal şahidi C.Məmmədov hadisə vaxtı aliment ödəməkdən boyun qaçırdığı üçün məhkəmə qərarı ilə axtarışda verilib.

Məhkəmədə elan olunub ki, C.Məmmədov narkotiklə bağlı həbs edilən şəxsin məhkəməsində də hal şahidi olub. Eyni zamanda bir neçə məhkəmə işlərində da şahidlik edib.

Prosesdə Binəqədi Rayon Polis İdarəsinin müstəntiq Fazil Osmanov dindirilib. O qeyd edib ki, hadisə yerinə baxış zamanı müəyyən olunub ki, "Range Rover" markalı avtomobil qarşıdan gələn təhlükəli döngəni nəzərə almayaraq, qarşıdan gələn avtomobili görməyib və hadisə baş verib.

Sonra müstəntiq vəkillərin suallarını cavablandırıb. Müstəntiq hal şahidinin axtarışda olması, başqa cinayət işlərində şahidlik etməsindən xəbərsiz olduğunu bildirib.

Vəkil Ə.Hüseynov deyib ki, hadisə yerinə baxış protokolu da yanlış tərtib edilib. Belə ki, protokolda əyləc izinin hansı avtomobilə məxsus olması ekspertiza rəyi olmadan tərtib olunub.

Məhkəmənin növbəti iclası fevralın 13-nə təyin edilib.

Qeyd edək ki, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini - Orxan Orucov ilə Rahib Əliyev hadisə yerində ölüb.

Məlum olub ki, qəza baş verən zaman “Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi